Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu ilk nüvə yanacağının zavodun ərazisinə çatdırılması ilə rəsmi olaraq nüvə obyekti statusu alıb.
Aktualtv.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Mersin vilayətinin cənubunda yerləşən zavod üçün Türkiyə ilə Rusiya arasında 2010-cu ilin mayında hökumətlərarası saziş imzalanıb. Zavodun təməlqoyma mərasimi 3 aprel 2018-ci ildə keçirilib, bundan sonra birinci blokun tikintisinə başlanılıb. Elektrik stansiyasının bütün blokları 2028-ci ilə qədər mərhələli şəkildə istifadəyə veriləcək. Bütün reaktorlar işə salındıqdan sonra ölkənin elektrik enerjisinə olan tələbatının 10%-ni ödəyəcək.
Qeyd edək ki, layihə Türkiyənin təbii qaz idxalının ildə 1,5 milyard dollar azalmasına töhfə verəcək. Stansiya bu ilin sonunda elektrik enerjisi istehsal etməyə başlayacaq. Layihənin ən aktiv mərhələsində ərazidə təxminən 30 min nəfər işlə təmin olunub.
Səbinə Kərimova / aktualtv.az










