İran Şanxay Əməkdaşlıq Təşkilatına daxil olduqdan sonra BRİKS Assosasiyasına ərizə verəcək.
Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı İran prezidenti İbrahim Rəisi verib. Onun sözlərinə görə, rəsmi Tehran çoxqütblü dünyanın qurulmasında iştirak etmək üçün bu təşkilata qoşulmağı planlaşdırır. İran lideri vurğulayıb ki, Birləşmiş Ştatların müdaxiləsinə rəğmən, Çin və Rusiya ilə əməkdaşlıq sayəsində beynəlxalq bazarlara çıxış qazanıb. BRİKS-ə qoşulmaq da bu addımın məntiqi davamı xarakterini daşıyır.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə 2022-ci ilin iyununda ölkəsinin Argentina ilə birlikdə BRİKS-ə qoşulmaq üçün müraciət etdiyini bildirib. BRİKS isə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın iqtisadi əməkdaşlıqları gücləndirmək üçün yaratdıqları qurumdur.
Büllur Məmmədova / aktualtv.az










