Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə ölüm hökmünü bərpa etmək istəyir.
Aktualtv.az xəbər verir ki, bu barədə o xalqa müraciətində bildirib. Serbiya lideri vurğulayıb ki, ölüm hökmünün bərpasını hökumətə təklif edib:
“Mən Baş nazir Ana Brnabiçə edam cəzasını qaytarmağı təklif etdim, lakin o və hökumət buna qarşıdır, çünki bunu qəbul etdiyimiz zaman Avropada ölüm cəzası yalnız bizdə və Belarusda qüvvədə olacaq”.
Vuçiç bəzi konvensiyaların da ölüm hökmünün bərpasına qarşı olduğunu bildirib və əlavə edib ki, özü də bir zamanlar ölüm hökmünün əleyhinə olub, lakin belə bir siyasi mövqeyə malik olduğu üçün indi çox təəssüflənir.
Xatırladaq ki, mayın 3-də Belqradın mərkəzindəki məktəbdə 13 yaşlı uşaq iki tapança və “Molotov kokteyli” ilə təhsil müəssisəsinə gəlib və öz yaşıdlarına atəş açıb ki, nəticədə 9 nəfər-8 məktəbli və bir mühafizəçi həlak olub. Həmçinin altı uşaq və bir müəllim yaralanıb, onlar hazırda xəstəxanadadırlar.
Səbinə Kərimova / aktualtv.az










