“Vaşinqton Birləşmiş Ştatlarla və Çin liderlərinin Balidə Pekinə münasibətdə əldə etdiyi müsbət impulsu pozub”.
Aktualtv.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Sin Qan ABŞ-nin bu ölkədəki səfiri Nikolas Börnslə görüşdə deyib.
Nazir vurğulayıb ki, Vaşinqtonla münasibətlərin sabitləşməsi Pekin üçün prioritet təşkil edir. Sin Qan qeyd edib ki, ötən ilin noyabrında Çin lideri Si Cinpin və Birləşmiş Ştatlar prezidenti Cozef Bayden İndoneziyanın Bali adasında “G-20” sammiti çərçivəsində uğurlu danışıqlar aparıblar:
“Liderlər mühüm razılaşmalar əldə ediblər. Ancaq o vaxtdan bəri ABŞ bir sıra yanlış hərəkətləri və bəyanatları ilə ikitərəfli münasibətlərdə çətin qazanılmış müsbət dinamikanı pozub”.
Nazir onu da vurğulayıb ki, Çin ABŞ-yə münasibətdə qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə qəti şəkildə əməl edəcək.
Səbinə Kərimova / aktualtv.az










