“26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı “Narkotiklərə YOX, Arzularınıza doğru gedin!” konfransı keçirilib

İyun ayının 23-də Daxili İşlər Nazirliyinin “Xəzri” istirahət və sağlamlıq mərkəzində “Narkotiklərə YOX, Arzularınıza doğru gedin!” şuarı altında konfrans keçirilib. “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə” həsr olunan tədbirin təşkilatçısı “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi olub.
Konfransı giriş sözü ilə açan “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədr müavini Büllur Məmmədova deyib ki, konfransı keçirməkdə əsas məqsəd gəncləri narkomaniyanın yalnız insana deyil, ümumiyyətlə, bütöv bir cəmiyyətə vurduğu zərər barədə məlumatlandırmaq və gənc nəsilə sağlam həyat tərzini yaşamağa stimullaşdırmaqdır. Onun sözlərinə görə, hər bir ailəyə, valideynə, hər bir gəncə “Narkotiklərə YOX deyək!” şüarının mənası, mahiyyəti izah edilməli, onların hər biri narkomaniya ilə fəal mübarizə aparan insana çevrilməlidir. “Gənclərin müəyyən bir qisminin aludə olduğu bu zərərli vərdiş onların həyatını məhv edir, xoşbəxt gələcəklərini kölgə altında qoyur” deyən ictimai birliyin sədr müavini bildirdi ki, aparılan mübarizədə bir anlıq dayanma, fasilə vermə yaxud ləngimə ölümə bərabərdir. “Və bu, gələcəyimizin ölməsi deməkdir. Ona görə mübarizəmiz hər an, hər saniyə davam etməlidir və edir. Biz bu mübarizəni birlikdə aparmalıyıq və aparırıq. Çünki biz birlikdə güclüyük”, – deyə Büllur Məmmədova qeyd etdi.
Giriş sözündən sonra konfrans iştirakçılarına “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin Azərbaycan Gənclər Fondunun dəstəyi ilə hazırladığı “Biz həyatı seçirik” adlı sosial çarx nümayiş etdirilib.
Nümayişdən sonra çıxış edən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin tədqiqat qrupunun rəisi Nəcəf Aydınoğlu narkotiki Azərbaycan cəmiyyəti, ümumiyyətlə, Azərbaycanın genofondu və dövlətçiliyi üçün ən təhlükəli bəla adlandırdı. “Narkotik ünvan tanımır” deyən DİN BNMİ-nin rəsmi nümayəndəsi təmsil etdiyi qurumun narkobiznesə, narkokuryerliyə və narkobaronlara qarşı keçirdiyi əməliyyatlarla bağlı son statistik məlumatları açıqladı. Məsələn, vurğulanıb ki, təkcə müxtəlif sosial şəbəkə platformalarında online yolla satışdan 1 (bir) tona yaxın narkotik maddə tutulub. Nəcəf Aydınoğlu həmçinin qeyd edib ki, beynəlxalq narkobiznes şəbəkəsi Azərbaycandan tranzit ölkə kimi istifadə edərək külli miqdarda narkotik maddəni Avropa ölkələrinə daşımağa çalışsa da, Azərbaycanın hüquq-mühafizə orqanları bu cür cinayətkar cəhdlərin qarşısını müvəffəqiyyətlə alır. Onun sözlərinə görə, son zamanlara qədər qadınlar arasında narkotik maddələrdən istifadənin artımı tendensiyası müşahidə olunsa da, keçirilən maarifləndirmə tədbirlərinin nəticəsində hal-hazırda bu istiqamətdə azalma qeydə alınır. DİN BNMİ-nin nümayəndəsi bildirib ki, sağlam cəmiyyətdə təhlükəsiz şəraitdə yaşamaq vətəndaşlarımızın hüququdur və bu hüququ pozmağa çalışan şəxslər mütləq cinayətə cəlb olunacaqlar. “Azərbaycan vətəndaşları polisə inanır”, – deyə Nəcəf Aydınoğlu nitqini yekunlaşdırdı.
Respulika Narkoloji Mərkəzinin baş direktor müavini, həkim-narkoloq Zamin Əliyev öz təcrübəsinə istinad edərək bildirib ki, narkotik maddə istifadəçiləri arasında 25-45 yaş arasında olan şəxslər üstünlük təşkil edir. “Ağ ölümün” xroniki, sona qədər sağalması mümkün olmayan xəstəlik adlandıran həkim-narkoloq vurğulayıb ki, əsas məqsəd yeni yoluxmaların qarşısını almaqdan ibarət olmalıdır. Bununla əlaqədar həyata keçirilən maarifləndirmə tədbirlərinin ön planda dayandığını deyən Zamin Əliyev deyib ki, son zamanlar bunun müsbət nəticələri özünü göstərməkdədir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təmsilçisi Vasif Quliyev narkotiklə mübarizə sahəsində maarifləndirmə işinin əsasən gənclərə yönəldiyini qeyd edib. Azərbaycan polisinin narkoşəbəkələrlə həyata keçirdiyi mübarizədə nümayiş etdirdiyi fədakarlığı qəhrəmanlıq adlandıran işçi qrupunun nümayəndəsi, eyni zamanda, cəmiyyətimizin hər bir üzvünün “ağ ölüm” bəlası ilə mübarizədə fəal olmağa, ailə üzvlərini, xüsusilə gəncləri zərərli vərdişlərdən qorumağa çağırdı. Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər dəfə açıqlanan qeydiyyat rəqəmləri real vəziyyəti əks etdirmir və bu məqam hər bir vətəndaş üçün ciddi siqnal olmalıdır.
Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin Bakı şəhəri üzrə nümayəndəsi Günel Zahidova bildirib ki, narkomanlıqla mübarizədə milli-mənəvi dəyərlərin təsiri böyük əhəmiyyət daşıyır. “Dini dəyərlərin düzgün təbliğ olunması bu sahədə müsbət nəticələrin əldə edilməsinə kömək ola bilər” deyən Günel Zahidova onu da qeyd edib ki, qloballaşan dünyada ailə institutu müxtəlif təhlükələrlə üz-üzə qalır və onu qorumaq, ailə dəyərinin vacibliyini hər kəsə çatdırmaq narkomaniyaya qarşı mübarizədə müsbət nailiyyətlərin əldə edilməsinə töhfə verərdi.
Vəkillər Kollegiyasının üzvü, şəhid polkovnik-leytenant Sevinc Orucova əmin olduğunu bildirib ki, Azərbaycan dövləti gənclərimizi narkotik bəlasından qorumaq üçün əlindən gələni edir və bunun müsbət təsirlərini hər kəs hiss etməkdə və görməkdədir. O, eyni zamanda, narkotiklə mübarizə sahəsində qadınların daha çox qurban olduğunu, müxtəlif təzyiqlər altında cinayət əməllərinə əl atdığını da dilə gətirib. Sevinc Orucova bu kimi mənfi hallarla səmərəli mübarizənin aparılmasını, gənclərin bilik və savad səviyyəsinin yüksək olmasının həyati vacib məna kəsb etdiyini konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Konfransda iştirak edən QHT rəhbərləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hər zaman dövlətimizin səylərinə dəstək göstərən vətəndaş cəmiyyətinin böyük potensiala malik olduğunu bildirib.
Tədbir müxtəlif təklif və sualların cavablandırılması ilə öz işini davam etdirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]