Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Madər Musayev bu gün dünyasını dəyişib.
“Aktualtv.az”ın məlumatına görə, bununla da parlamentdə boş qalan deputat yerlərinin sayı 8-ə çatıb.
Qeyd edək ki, 2020-ci ilin fevralında baş tutmuş parlamentin növbədənkənar seçkilərindən sonra 4 dairə üzrə yerlər boş qalıb. Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi – (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə).
Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov 2 il öncə dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.
Bundan başqa, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində polisi döyən deputat Eldəniz Səlimova 3 il 6 ay müdətinə hökm oxunub. Bununla da onun deputat səlahiyyətlərinə xitam verilib.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin ötən ilin 3 mart tarixində imzaladığı sərəncamla Milli Məclisin deputatı Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Beləliklə, onun da mandatı ləğv edilib.