Həkimlikdən millət vəkilliyinə gedən yol… – DOSYE

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva vəfat edib. 

Həkimlikdən millət vəkilliyinə qədər yol qətən Qənirə Paşayevanın dosyesini təqdim edirik:

Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il 24 mart tarixində Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 

Azərbaycan Dövlət Tibb Universitetinin “Pediatriya” fakültəsini və Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsini bitirən Q. Paşayeva rus və ingilis dillərini səlist şəkildə bilirdi. 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, professordur. Gürcüstanın «Şərəf» ordeni ilə təltif edillib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərcə məqalənin, 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub. Gürcüstanın, habelə Türkiyənin bir çox vilayətlərinin fəxri vətəndaşıdır.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri olub.

1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 

2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışmağa başlamışdır. 2012–2015-ci illərdə «Odlar Yurdu» Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik etmişdir.

Qənirə Paşayeva bir çox sahələrdə çalışsa da, hər zaman siyasətə marağı ilə də seçilmişdir. Məhz bu maraq onu deputatlığa qədər apardı. O, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Bundan əlavə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, Vyetnam, Yaponiya, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Macarıstan, Malayziya, Qazaxıstan, Qırğızıstan, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub. 

Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi çalışıb.

30 sentyabr 2011-ci ildə “İslahatçı Gənclər” İctimai Birliyi Qənirə Paşayevanı “Xəzər” Milli Mükafatı ilə, 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Fəxri Diplomla təltif edib. 

Qənirə Paşayeva, eyni zamanda, Gürcüstanın fəxri vətəndaşıdır.

Hər zaman xeyirxah işlərlə seçilən Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir.

Bundan əlavə o, tez-tez Türkiyədə və bir çox xarici ölkələrdə təhsil alan gənclərlə, tələbələrlə görüş keçirir, onların problemlərini dinləyir və bu təhsil yolunda hər zaman onlara dəstək olacağını dilə gətirir, göstərirdi.

Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. 

Subay idi və Firuzə adlı mənəvi qızı var idi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]