İşxan Verdyan: “Ermənistanın Azərbaycan vətəndaşlarına öz pasportlarını qanunsuz olaraq paylaması onun bu ölkəyə qarşı xalis təcavüzkar olduğunu birbaşa sübut etdi”

Milliyyətcə erməni olan məşhur bloger və ictimai xadim İşxan Verdyan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsindən köçən ermənilərə “qaçqın statusu” verilməsi ilə bağlı yarıtmaz siyasətini kəskin tənqid edib. Sosial şəbəkədəki hesabında erməni bloget yazıb:

“BU PASPORT ERMƏNİSTAN RESPUBLİKASININ MÜLKİYYƏTİDİR.

BU PASPORTUN SAHİBİ ERMƏNİSTAN RESPUBLİKASININ MÜDAFİƏSİ ALTINDADIR.

Qarabağda yaşamış və Ermənistana köçmüş erməni millətindən olan şəxslərin demək olar ki, hamısı Ermənistan Respublikasının dövlət pasportlarına malikdir. Bu sənəd hüquqi, legitimdir və həm Ermənistan ərazisində, həm də xaricdə tam qüvvəyə malikdir. Sənəddə aydın şəkildə təsdiqlənir ki, onun daşıyıcısı Ermənistan Respublikasının vətəndaşıdır. Ona görə də Ermənistan hökumətinin Qarabağdan bu ölkəyə gələn və əllərində belə pasport olan şəxslərə “qaçqın statusu” verilməsi barədə qərarı hamını açıq çaşqınlıq durumuna salıb. Hamını bir sual narahat edirdi: (DİQQƏTLƏ OXUYUN!!! – red.) necə olur ki, Ermənistan öz vətəndaşlarına gələcəkdə öz vətəndaşlığını almaq perspektivi ilə “qaçqın statusu” təklif edir?” – deyə, İşxan Verdyan yazır.

O, daha sonra vurğulayır ki, hamı baş nazir Paşinyanın belə bir qərarının qanuniliyi üzərində düşünərkən, sonuncu vəziyyətə aydınlıq gətirə biləcəyini hesab edərək yeni təşəbbüs irəli sürüb: “Paşinyan deyib ki, Qarabağ ermənilərinə verilən pasportlar sadəcə yol sənədləridir. Bəli, belə bir qərar qısamüddətli perspektivdə müəyyən qədər aydınlıq gətirdi, lakin uzunmüddətli perspektivdə Ermənistanı daha özünü xilas edə bilməyəcəyi tələyə saldı. Əslində, Paşinyan nə deyir? O deyir ki, Ermənistan Respublikasının verdiyi və onun mülkiyyəti olan rəsmi sənədlər, əslində, rəsmi sənəd deyil və onun mülkiyyəti deyil. Ermənistan Respublikasının qanunlarına görə, hüquqi əməliyyatların aparılması üçün sənəd, ümumiyyətlə, yol sənədi deyil, məhz Ermənistan Respublikası vətəndaşının pasportu olduğundan, Qarabağ ermənisinin Ermənistan Respublikasında həyata keçirdiyi istənilən hüquqi aktın (istər bank köçürməsi, istər daşınmaz əmlakın alınması, istərsə də klinikaya gediş və s.) həyata keçirilməsi Ermənistan Respublikası qanunlarının kobud şəkildə pozulmasıdır. Belə çıxır ki, Ermənistan Respublikasının ərazisində sənəd kimi əlində sertifikat və ya tualet kağızı ilə istənilən rəsmi əməliyyatı həyata keçirə bilərsiniz”.

Eyni zamanda erməni bloger qeyd edir ki, real vəziyyət fərqlidir və Qarabağ ermənilərinin pasportları Ermənistan Respublikası vətəndaşının tam hüquqlu pasportlarıdır və xarici dövlətlərin rəsmi qurumları tərəfindən də məhz bu cür qəbul edilir. “Hansısa ölkəyə viza alan Qarabağ sakini (Qarabağ ermənisi – red.) onu Ermənistan vətəndaşı kimi alır. Dünyanın heç bir ölkəsi konkret ölkənin vətəndaşı olmayan şəxsə viza verməz. Beləliklə, Qarabağ ermənisinin xaricə istənilən səfəri onun Ermənistan Respublikasının vətəndaşı olmasının və pasportunun Ermənistan Respublikasının rəsmi pasportu olduğunun sübutu sayıla bilər”.

“Ən maraqlısı bundan sonra başlayır” yazan İşxan Verdyan vurğulayır: “Ermənistan Respublikasının vətəndaşı olan Qarabağ erməniləri Ermənistan Respublikasında vətəndaş kimi qeydiyyatda deyillər. Ermənistan Respublikasının dövlət reyestrində Ermənistanın rəsmi pasportlarını təqdim etdiyi və bununla da onları öz vətəndaşı kimi tanıdığı şəxslər haqqında heç bir qeyd yoxdur. Yəni, pasportlara görə, bu vətəndaşlar var, əslində isə, yoxdur. Bəs, Ermənistan öz vətəndaşlarının pasportlarını kimə paylayıb? Ermənistan Azərbaycan vətəndaşlarına öz vətəndaşlarının pasportlarını paylayıb. Faktiki (real – red.) deyil, potensial vətəndaşlarına, çünki Ermənistan Qarabağ ərazisində hər hansı qanuni hərəkətləri bloklayıb, Azərbaycan erməniləri isə, Azərbaycan hökumətinin dəfələrlə bəyan etdiyi kimi, öz dövlətləri ilə ünsiyyət qurmaq imkanından məhrum ediliblər. Beləliklə, Azərbaycanda yaşayan və əslində Ermənistan Respublikasının vətəndaşı olmayan şəxslərin əlində Ermənistan pasportlarının olması Qarabağın Ermənistan tərəfindən ilhaqının birbaşa hüquqi sübutundan başqa bir şey deyil. Ermənistanın Azərbaycan vətəndaşlarına öz pasportlarını qanunsuz olaraq paylaması onun bu ölkəyə qarşı xalis təcavüzkar olduğunu birbaşa sübut etdi” – deyə, erməni bloger qeyd edib.

Verdyan bildirib ki, bütün bunların nəticələrini dəqiq anlayan Paşinyan Qarabağ ermənilərinin pasportlarının “yol sənədi” olduğunu bəyan edərək hər şeydən boyun qaçırmağa tələsdi. Onun sözlərinə görə, Paşinyan məsuliyyəti öz üzərindən atmağa çalışır, lakin məqalənin başlığındakı ifadələri Qarabağ ermənilərinin pasportlarında çap edən Ermənistan Respublikasının özü ona etiraz edir.

“Və nəhayət, tortun bəzəyi. Ermənistan pasportunda “Verən orqanın adı” sütunu var və orada pasportu verən pasport şöbəsinin kodu yazılır. Qarabağ ermənilərinin pasportlarında “070” kodu yazılıb. Ermənistanda bu kod altında filial yoxdur, çünki o bütün Qarabağ ərazisi üçün nəzərdə tutur. Bütün pasportlar Ermənistanda çap olunduğundan, bu o deməkdir ki, Ermənistan Qarabağın bütün ərazisini özünün qeyri-qanuni bölgəsi kimi müəyyənləşdirib, bu bölgə üçün kod təyin edib və bu bölgənin sakinlərinə bu kodla pasportlar verməyə başlayıb. Siz ərazini rəsmi olaraq öz əraziniz kimi tanımırsınız, ancaq ora ilə bağlı sərbəst şəkildə sərəncam verirsiniz – bu da Azərbaycan ərazilərinin ilhaqının bariz əlamətidir” – deyə erməni bloger İşxan Verdyan fikirlərinə yekun vurub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]