Bələdiyyələrin birləşdirilməsi Milli Məclisə həvalə olunur – EKSKLÜZİV

Azərbaycanda bələdiyyələrin birləşdirilməsi Milli Məclisə həvalə olunur.

Bu barədə Milli Məclisə daxil olan “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub.

Mövcud qanunvericiliyə görə, bələdiyyələrin birləşməsi üçün birləşən hər bir bələdiyyədə onun ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin bələdiyyələrin birləşməsi məsələsinə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir. Yığıncaqda (yığıncaqlarda) iştirak etmiş vətəndaşların yarısından çoxu bələdiyyələrin birləşməsinin “lehinə” səs verdikdə, bələdiyyələr tərəfindən onların birləşməsi haqqında qərar qəbul edilir və baxılmaq üçün Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunur. Milli Məclis isə bələdiyyələrin birləşməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir.

Dəyişikliyə əsasən, birləşmək istəyən bələdiyyələr özləri birbaşa Milli Məclisə müraciət edəcək və parlament müvafiq qaydada qərar qəbul edəcək.

Qanun layihəsinin gələn həftə Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, bu gün Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub. Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub: “Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb… Belə ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.(Modern)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]