Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məktubda deyilir:
“Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan xalqının təhlükəsizliyinin, iqtisadi inkişafının və əmin-amanlığının təmin olunmasında Sizə yeni böyük nailiyyətlər arzu edirəm.
Əminəm ki, yenidən Prezident seçilməyiniz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək və Ukrayna-Azərbaycan əməkdaşlığını yeni dinamik səviyyəyə çıxaracaq.
Beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki dövlətin müstəqilliyi və ərazi bütövlüyünə Ukraynanın və Azərbaycanın qarşılıqlı dəstəyi olduqca vacibdir.
Bu gün Ukrayna xalqı Rusiyaya qarşı mübarizədə öz azadlığını müdafiə edərkən Azərbaycan Respublikasının həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir. Biz humanitar yardıma, Rusiya ilə müharibədən zərər çəkmiş şəhərlərin infrastrukturunun yenidən qurulması, azad edilmiş Ukrayna ərazilərinin minalardan təmizlənməsi prosesində iştiraka görə minnətdarıq.
Mən Ukrayna-Azərbaycan əməkdaşlığına mühüm dinamika verən şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcəkdir.
Mən Azərbaycanın Ukraynanın sülh formulunun implementasiyasına cəlb olunmasına və İsveçrədə keçiriləcək ilk Sülh Sammitində iştirakınıza ümid edirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, enerji və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”.