Müstəmləkə dövrünün xiffəti – Makronun Mərakeş səfərinin hədəfi – ŞƏRH

Fransanın müstəmləkə siyasətinin ifşası və iflası davam edir. Keçmiş müstəmləkələrdə baş verən etirazlar, mitinqlər səngimir, əksinə, getdikcə geniş vüsət alır. Afrikada olduğu kimi, dənizaşırı ərazilərdə yerləşən ada ölkələrinin də Fransanın qatı müstəmləkəçilik və talama siyasətinə qarşı etirazları dönməz xarakter alır.

Bu gün əksər müstəmləkə ölkələrində Fransanın mövcudluğu nifrətlə qarşılanır. Cəmiyyətlərin, müxtəlif xalqların və icmaların təpkiləri artır, hər yerdə “Rədd ol, Fransa” şüarları eşidilir. Etiraf edilməlidir ki, bütün bunlar daha çox prezident Emmanuel Makronun yarıtmaz siyasətinin nəticəsidir. Onun şəkilləri ayaqlar altına atılır, tapdanır. Yeni Kaledoniyada baş verənlər də bunu təsdiqləyir. Bu ölkə Fransanın müstəmləkəçilik siyasətinə qarşı etiraz səsini ucaldan ölkələrdən birinə çevrilib.

Aprelin 13-də Yeni Kaledoniyada 30 mindən artıq insan Fransa hökumətinin davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı geniş etiraz aksiyası keçirib. Fransa kolonializminə qarşı təşkil olunan etiraz aksiyasında iştirakçılar Azərbaycan bayrağını hətta mərkəzi meydanda qaldırıblar. Bu da təbiidir. Bakıda neokolonializmə qarşı keçirilən beynəlxalq tədbirlər öz bəhrəsini verir və getdikcə daha çox dövlət bu təşəbbüsü dəstəkləyir.

Ümumiyyətlə, son günlər Yeni Kaledoniyada Fransaya qarşı etirazlar səngimək bilmir. Aprelin 2-də Fransa parlamentinin yuxarı Palatası – Senat Yeni Kaledoniyada seçki qanunvericiliyini dəyişmək məqsədilə hökumətin zorla qəbul etdirmək istədiyi qanun layihəsinin lehinə səs verib. Həmin layihəyə görə, Parisin Yeni Kaledoniyaya məqsədli şəkildə köçürdüyü insanlar səsvermə hüququna malik olacaqlar. Burada Fransa hökumətinin əsas məqsədi yerli kanak xalqının öz ölkəsində azlıqda qalmasını təmin etməkdir.

Qeyd edək ki, Paris Yeni Kaledoniyada öz kolonial hökmranlığını saxlamaq üçün buraya əlavə polis qüvvələrini ezam edib.

Tək Kaledoniya deyil, digər keçmiş müstəmləkə ölkələrində etirazlar səngimir. Fransa bir çox Afrika ölkəsindən qovulub və proses sürətlə davam edir. Fransanın Afrika siyasətinin iflası məhz Makronun hakimiyyəti dövrünə təsadüf edir. Məhz onun uğursuz siyasəti nəticəsində dörd fransızdilli dövlətdə çevrilişlər baş verib. Fransa Afrikada sürətlə mövqelərini itirməyə doğru gedir. Maraqlıdır ki, Makron baş verən uğursuzluqların səbəbini Rusiya və Çində görür. Hətta bu yaxınlarda açıq şəkildə bildirib ki, hər iki ölkə neoimperialistdir.

Yeri gəlmişkən, 50 il Fransanın müstəmləkəsi olmuş Mərakeşdə də Fransa ağır izlər qoyub. Rəsmi Paris resurslarını mənimsəməklə yanaşı, minlərlə mərakeşlini qanına qəltan edib.

Yaranmış gərginlik Emmanuel Makronu hərəkətə keçməyə məcbur edib. Yaxın günlərdə Makronun Mərakeşə dövlət səfəri edəcəyi barədə xəbərlər yayılıb. Fransa mediası səfərin Rabatla Paris arasında münasibətləri normallaşdırmağa yönəldiyini yazıb. İki ölkə arasında dərin siyasi fikir ayrılıqları pik həddə çatıb. Makron da bu səfərlə problemləri aradan qaldırmağa çalışır. Fransa Xarici İşlər Nazirliyindəki diplomatik mənbə “Atlas info” nəşrinə müsahibəsində bildirib ki, prezidentin səfəri mütləq baş tutacaq, lakin konkret tarix bəlli deyil. Bəlli olan sadəcə odur ki, aprelin 21-dən sonra daxili işlər naziri Jerald Darmanen və digər nazirlər Rabata yollanacaq. Mərakeşin əsas kreditoru, investoru və ticarət tərəfdaşı olan Fransanın bu ölkədə Fransa şirkətlərinin 75 törəmə müəssisəsi fəaliyyət göstərir, orada 80 minə yaxın işçi çalışır. Bununla belə, iki ölkə arasında diplomatik münasibətlər uzun müddətdir ki, gərginliyini saxlayır. Makron da böyük ehtimalla bu gərginliyi azaltmaq üçün bölgəyə səfər edir. Buna nail olması isə real görünmür.

Makronun səfəri nə ilə bağlıdır? Şübhəsiz ki, o, bu səfərlə Mərakeşi yenidən nəzarətə almağa çalışacaq. Məsələ ondadır ki, bunun üçün zəmin də var. Mərakeşin Fransadan iqtisadi asılılığı pik həddədir. Səfər zamanı bu məsələ diqqət mərkəzində olacaq. Lakin onun indiyə qədər atdığı addımlar kimi bu da uğursuz olacaq.

Başqa keçmiş müstəmləkələrdə olduğu kimi, bu ölkədə də Fransaya nifrət pik həddədir. Hətta onun yardımlarını belə qəbul etməyib. 2023-cü il sentyabrın 9-da Mərakeşdə baş verən və minlərlə insanın həyatına son qoyan zəlzələ Mərakeş-Fransa münasibətlərində mövcud böhranı daha da dərinləşdirib. Mərakeşlə müstəmləkəçilik tarixi olan Fransanın yardım təklifinin rədd edilməsi müzakirələrə səbəb olub. Fransa mətbuatı “Niyə Mərakeş İspaniyanın təklifini qəbul edib, Fransanın təklifini rədd etdi?”, “Mərakeş kralı üçün siyasət bəşəriyyətdən əvvəl gəlir” və “Fransanın humanitar yardımına yox. Fransa ilə Mərakeş arasındakı münaqişənin səbəbləri” kimi başlıqlarla çıxış etmişdilər.

Beləliklə, Makron kritik Mərakeş səfərinə hazırlaşır və problemlərin həllinə nail olmağa çalışacaq. Lakin məsələ ondadır ki, dövr başqadır. Bölgədə fövqəldövlətlər, xüsusən də Rusiya və Çinin aktivliyi hiss olunacaq səviyyəyə yüksəlib. Bu səbəbdən Makron indidən uğursuzluqları sırasına daha birini də əlavə edə bilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]