Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Xəbər verdiyimiz kimi, Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu ikinci oxunuşda təsdiqləyib. Məlumata görə, hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin lehinə 83, əleyhinə 23 deputat səs verib. 

Ölkənin hakim “Gürcü arzusu” partiyasını təmsil edən baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, qanun layihəsinin üçüncü oxunuşunun səsverməsi iki həftədən sonra keçiriləcək.

Göründüyü kimi hakim partiya etirazlardan narahat olmasına baxmayaraq, “xarici agentlər haqqında” qanunu qəbul etmək niyyətindədir.

İclasın davam etdiyi saatlarda və daha sonra parlament binası qarşısına toplaşan aksiya iştirakçıları “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulundan imtina edilməsini tələb edirlər. Bundan əlavə onlar, son günlər etiraz aksiyalarında saxlanılanların hamısının azad edilməsini, qeyri-proporsional güc tətbiqində iştirak edən Daxili İşlər Nazirliyinin əməkdaşlarının, etiraz aksiyalarında qadınlara və uşaqlara qarşı zor tətbiq edənlərin cəzalandırılmasını istəyirlər. 

Etirazçılar həmçinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi geri götürülənə qədər hakimiyyətə itaətsizliklərini bəyan ediblər. Növbəti genişmiqyaslı tədbir mayın 11-də elan olunub.

Göründüyü kimi nə Gürcüstanın hakim partiyası, nə də etirazçılar geri çəkilmək niyyətində deyillər. 

Bəs, etirazçılar nədən narahatdırlar?

Nəzərə alaq ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi birbaşa xaricdən alınan qrantlara yönəlib. Təəssüf ki, qonşu ölkədə bir çox siyasi partiyalar və QHT-lər Qərbin pul kisəsindən asılıdır. Bundan əlavə Qərbin qrant verən təşkilatlarının demək olar ki, hamısının regional mərkəzi Tiflisdə yerləşir. Yəni Qərb təkcə Gürcüstandakı vətəndaş cəmiyyətini öz əlində saxlamır, həm də region dövlətlərinə buradan mənbəyi bəlli olmayan pullar ötürür. 

Təbii ki, Qərb də heç kimə pulu havayı bağışlamır. Verilən pulların qarşılığı istənilir. Təsadüfi deyil ki, bu gün Ermənistandan daha çox Gürcüstan Qərbə meyillənir. Əgər Ermənistanda təkcə Paşinyan iqtidarı Qərbpərəst siyasət aparırsa, Gürcüstanda vəziyyət kifayət qədər fərqlidir.

Çünki Qərbin qrantlarından Gürcüstanda təkcə siyasi partiyalar və QHT-lər yox, həm də dövlət institutları da faydalanır. Bu da o deməkdir ki, bu ölkədə təkcə vətəndaş cəmiyyəti deyil, bəzi dövlət orqanları da Qərbin pul kisəsindən asılıdır. Təsadüfi deyil ki, Gürcüstan prezidenti Salome Zurabişvili Tiflisdə parlament binası qarşısında qanuna etiraz edən etirazçıları dəstəkləyib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bu adımlarına görə  ölkə prezidenti Salome Zurabişvilini xain adlandırıb. Onun fikrincə, prezident dövlətin milli maraqlarına xəyanət edir:

“Zurabişvilinin ölkə prezidenti postunu tutması üzücüdür”. 

Qanun layihəsinin doğurduğu əks-səda o qədər güclüdür ki, bu hətta ölkə rəhbərliyi arasında ciddi fikir ayrılığına səbəb olub. Ona görə də Gürcüstanda vəziyyət təsəvvür olunmayacaq qədər ciddidir. Ən azından vətəndaş qarşıdurması qaçılmazdır. Ola bilsin ki, hadisələr dövlət çevrilişinə qədər inkişaf etsin.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili bu faktı istisna etməyib:

“Biz qarşıdurma mərhələsinə qədəm qoymuşuq. Bizim üçün prioritet  avropalaşmaqdır. Bu yolda barışmaz yeni nəsil ilə sovet keçmişinin əqli girovu olan nəsil arasında toqquşma gedir. Əminəm ki, sonda həmişəki kimi yeni nəsil qalib gələcək. Amma qələbənin dəqiq tarixini demək çox çətindir. Qələbə bu gün də ola bilər, nə zamansa da…”

Göründüyü kimi etirazçılar artıq hər şeyi gözə alıblar. Hədəfsə təkcə qanun layihəsi yox, həm də ölkə iqtidarıdır. 

Təbii ki, Gürcüstanın qarışmasında Qərb maraqlı olduğunu gizlətmir. 

Təsadüfi deyil ki, Gürcüstan hakimiyyəti ABŞ-la strateji tərəfdaşlıq haqqında danışıqlardan imtina edib. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir ki, rəsmi Tiflis Vaşinqtonun maliyyə yardımının müzakirəsi üçün dəvətini qəbul etməyib:

“Rəsmi Vaşinqtonun Gürcüstan parlamentində “Xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsinin dayandırılması ilə bağlı tələbindən sonra Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib. Gürcüstanın baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”.

Rəsmi Tiflisin bu qərarı ABŞ üçün də gözlənilməz oldu… 

ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqan Gürcüstan hökümətinin qərarından narahatlığını və narazılığını dilə gətirib:

“ABŞ bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini yüksəkvəzifəli ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı hər hansı məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etməyi üstün tutdu. ABŞ Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırmasından narahatdır”.

Göründüyü kimi ABŞ səfirinin narahatlığı Baş nazirin səfərinin təxirə salınmasından daha çox, sözügedən qanun layihəsindəndir. Bunu da heç gizlətmir. Vaşinqton açıq şəkildə bildirir ki,iki ölkə arasında münasibətlərin gələcəyi “Qordi düyünü”nə çevrilmiş yeni qanun layihəsindən asılıdır.

ABŞ-ın açıq xəbərdarlığına rəğmən Gürcüstan hələki həm siyasi müstəvidə, həm parlamentdə, həm də küçədə dirəniş göstərir. Özü də hər üç cəbhədə rəsmi Tiflis çox qətiyyətli görünür. 

Gürcüstan çətin sınaq qarşısında qalıb. 

Ölkənin sağlam qüvvələri Gürcüstanı xarici asılılıqdan və kimlərinsə aləti olmaqdan xilas etmək istəyir. Amma ölkə daxilində Qərbin pul kisəsindən asılı xeyli qüvvə var. Bu qüvvələrsə yəqin ki, sona qədər mübarizə aparacaqlar. Həmin qüvvələr milli və dövlət maraqlarından daha çox öz gündəlik dolanışıqlarını düşünürlər. Çünki onların dolanışığı Qərbdən axan qrantlardan formalaşır. Lakin son söz daha qətiyyətli olanındır. Hazırkı vəziyyətdə isə Gürcüstan hökuməti daha qətiyyətli görünür.

Bizim.Media

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]