“Mina qurbanları xüsusi həssas kateqoriya kimi tanınmalıdır”

İyunun 27-də BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində “Minalarsız dünya naminə insan haqları sistemindən istifadə və mina qurbanlarının hüquqlarının bərpası” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycanın, Xorvatiyanın, Mozambikin, Panamanın diplomatik nümayəndələri, habelə beynəlxalq qurum rəhbərləri yerüstü minaların fəsadlarının aradan qaldırılması və insan haqları üzrə BMT sisteminin mina qurbanlarının, onların ailə üzvlərinin hüquqlarının qorunmasında istifadəsi mövzusunda keçirilən panel müzakirələrdə çıxış ediblər.

Tədbirdə “Minalar və təmiz ətraf mühit hüququ” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, minalar təkcə bilavasitə qurbanlarının deyil, bütün insanlığın haqqı olan təmiz ətraf mühit hüququna dağıdıcı təsir göstərir. Səfir konkret misallar gətirərək minaların torpağın eroziyasına, su mənbələrinin çirklənməsinə təsiri ilə ekosistemi və biomüxtəlifliyi məhv etdiyini diqqətə çatdırıb. Bu baxımdan təmiz ekologiya probleminin xüsusi aktuallıq daşıdığı bir dönəmdə BMT-nin İnsan Haqları Şurasının bu hüququn müdafiəsi istiqamətində konkret addımlar atmasının vacibliyi vurğulanıb.

“Məhz burada – Cenevrədə həm insan haqları, həm silahsızlaşdırma, həm də humanitar dəstək üzrə BMT strukturlarının və digər beynəlxalq qurumların fəaliyyət mərkəzləri yerləşir. Ona görə də İnsan Haqları Şurası bu fürsətdən istifadə edərək mina qurbanlarının xüsusi həssas kateqoriya kimi tanınması, onların hüquqlarının bərpa və təmin olunması üzrə konkret addımlar atmalıdır”, – deyən azərbaycanlı diplomat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizdə 2 milyona yaxın minanın təmizlənməsi on illər və milyardlarla dollar vəsait tələb edir. 

E.İskəndərov Azərbaycanın mina ilə çirklənmənin ağır nəticələrini yaxşı bildiyini vurğulayıb. Minaların insan həyatlarını məhv etməsi ilə bərabər, inkişafda olan dövlətlər üçün ağır iqtisadi yük olduğunu qeyd edən Azərbaycan nümayəndəsi deyib: “Azərbaycan BMT İnsan Haqları Şurasına bu sahədə hərtərəfli dəstək, mina qurbanlarının hüquqlarının bərpasına töhfəsini verməyə hazırdır”.

Qeyd edək ki, BMT-nin Cenevrə ofisi nəzdində Azərbaycan daimi nümayəndəliyi və “Universal Hüquqlar Qrupu” (“Universal Rights Group”) beynəlxalq təşkilatının təşəbbüsü ilə keçirilən tədbirin həmtəşkilatçıları Avstriya, Xorvatiya, Sloveniya, İrlandiya, Panama, Monteneqro və Niderlandın nümayəndəlikləri olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]