Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır.
Həmçinin statistikada bu fakt da yer alır ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmaqdadır. Şübhəsiz ki, bu, həyəcan təbili çalmaya bilməz. Çünki hər bir ölkənin gələcək inkişafında əsas hərəkətverici qüvvəsi olan gənclərin sağlam şəkildə böyüməsi, təhsil alması, onların potensialından qarşıya qoyulan hədəflərin gerçəkləşməsində səmərəli istifadə edilməsi bütün dövrlər üçün öz aktuallığını qoruyur.
Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur.
“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi Azərbaycan dövlətinin ölkəmizdə narkomaniyanın yayılması, xüsusilə belə mənfi halların yeniyetmələr və gənclərin arasında kütləvi hal almasına qarşı apardığı genişmiqyaslı tədbirlərə dəstək olaraq təbliğat kampaniyası həyata keçirir və maarifləndirmə edir.
Gələcəyimiz öz əllərimizdədir. Gələcəyimizə bu gündən sahib çıxmağa başlayaq və “ağ ölüm”ə birlikdə yox deyək!”
Lalə Səfərova
Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin PR-meneceri