Hədə, yoxsa şou? – Trampa ikinci sui-qəsd cəhdinin qaranlıq məqamları – ANALİZ

Son bir neçə gündür ki, ABŞ-da prezidentliyə namizəd, respublikaçı, keçmiş dövlət başçısı Donald Trampa qarşı ikinci sui-qəsd cəhdi beynəlxalq aləmdə ciddi müzakirə olunur. Belə ki, sentyabrın 15-də yaşadığı ərazidə ona qarşı növbəti sui-qəsd cəhdi olub.

Cəhd uğursuz alınıb. Məxfi Xidmətin əməkdaşları Trampın yaxınlığındakı silahlı şəxsi güllələyiblər. Daha sonra isə bildirilib ki, Tramp sui-qəsd cəhdinə baxmayaraq, seçki kampaniyasını davam etdirəcək.

Trampa qarşı ilk sui-qəsd cəhdi isə iyunun 13-də olmuşdu.

Analitiklərin keçmiş dövlət başçısına sui-qəsd cəhdinin təkrarlanması ilə bağlı fikirləri müxtəlifdir. Bəziləri hesab edirlər ki, bu, onu ciddi rəqib kimi görən demokratların işidir və Tramp həqiqətən hədəfdədir. Bəziləri isə bunun əksini iddia edir və baş verənlərin sadəcə şou olduğunu deyirlər.

Məlum olduğu kimi, bir müddət əvvəl ABŞ-nin hazırkı prezidenti, demokratların əsas namizədi Cozef Bayden iyulda namizədliyini geri götürdü. Çünki Tramp reytinq göstəricilərinə görə onu açıq-aydın qabaqlayırdı. C.Baydenin qərarından təxminən bir ay əvvəl Trampa qarşı sui-qəsd cəhdi ikinciyə əməlli-başlı xal qazandırmışdı. Keçmiş dövlət başçısı, az qala, qəhrəman elan edilmişdi.

C.Baydendən sonra hazırkı vitse-prezident Kamala Harris demokratların namizədi kimi meydana çıxdı. Beləliklə, D.Trampın işi xeyli çətinləşdi. Trampla Harrisin şansları bu gün, demək olar ki, bərabərdir. Əslində hazırkı prezidentin seçki kampaniyasından çəkilməsi əslində düşünülmüş addım idi. Çox güman ki, prezident öz şanslarının az olduğunu başa düşüb, demokratların qalib gəlməsi üçün K.Harrisə “pas ötürüb”. Seçkilərdə kimin qalib gələcəyini indidən dəqiq demək çətindir. Hər iki halda siyasətçi yerli ictimaiyyətə yaxşı tanışdır. Üstəgəl, onların xarici siyasət kursları da beynəlxalq ictimaiyyət üçün sirli deyil. Məlumdur ki, Tramp seçkilərdə qalib gələrsə, ABŞ Rusiya, İran və Çinə qarşı daha loyal davranacaq. K.Harris isə yəqin ki, təxminən C. Baydenin siyasətini davam etdirəcək, amma bu, onların özlərinin deyil, respublikaçıların və demokratların xarici siyasət kursu kimi qiymətləndirilməlidir.

K.Harrisin qadın və qaradərili olması onun üçün ciddi dividentdir. K.Harris qalib gələrsə, ABŞ-nin ilk qadın siyasətçisi olacaq. Bununla belə, bir fakt da var ki, 1993-cü ildə respublikaçı Corc Buş hakimiyyətdən gedəndən sonra ölkə iqtidarında demokratlar və respublikaçılar bir-birini əvəz edirlər. Bu isə ölkənin həm daxili, həm də xarici siyasəti üçün müəyyən ahəngdarlıq yaradır. Bütün hallarda qarşıdakı aylarda ABŞ-də seçki kampaniyası gərgin şəraitdə davam edəcək. Tərəflər qalib gəlmələri üçün bütün imkanlardan istifadə edə bilərlər. Böyük ehtimalla nəticələr arasındakı fərq cüzi olacaq.

Belə bir vəziyyətdə D.Tramp seçkilərdə qalib gəlməsi üçün bütün mümkün imkanlardan istifadə edə bilər. Bu mənada sui-qəsd cəhdinin sadəcə bir oyun olması əslində istisna deyil.

Doğrudur, D.Tramp ciddi qorunur. Onun mühafizə xidməti kifayət qədər güclüdür. Amma hər iki sui-qəsd cəhdində şübhəli məqamlar kifayət qədər çoxdur.

Məsələn, ilk cəhddə siyasətçi qulağından yaralanmışdı. İkinci sui-qəsd cəhdində isə silahlı şəxs siyasətçinin yaşadığı əraziyə qədər daxil olmağı bacarıb. O, həqiqətənmi, mühafizə əməkdaşlarının gözündən yayınmağı bacarıb? Əgər ilk sui-qəsd cəhdi şou deyildisə, onda D.Trampın təhlükəsizliyi daha da gücləndirilməli idi. Amma ikinci oxşar hadisə ortaya qəribə bir ziddiyyət qoyur. Yəni, haradasa məntiqsizlik, uyuşmazlıq var. Daha məntiqli olan ssenari ikinci cəhdin qarşısının daha əvvəlcədən alınması və ümumiyyətlə silahlı şəxsin D.Trampa bu qədər yaxınlaşmağa icazə verilməməsi olardı.

Başqa bir tərəfdən, hər iki hadisədə ağıla ilk gələn versiya demokratların D.Trampı aradan qaldırmaq cəhdi olur. Və etiraf etmək lazımdır ki, belə düşünənlər heç də az deyil. Deməli, D.Trampa qarşı ard-arda iki sui-qəsd cəhdinin həm də demokratların reytinqinə mənfi təsir etməsi və tərəfdaşlarını itirməsi istisna deyil. Hər halda bir çoxu məhz ədalətli mübarizənin tərəfdarıdır. Və onlar öz seçdikləri prezidentə, yəni C.Baydenə görə keçmiş dövlət başçısnın – D.Trampın öldürülməsini qəbul etməzlər.

Heç şübhəsiz, bunu demokratlar da, respublikaçılar da başa düşürlər. Odur ki, sui-qəsd cəhdinin ssenarisini demokratların yox, məhz respublikaçıların özünün hazırlaması daha ağlabatandır. Onu da nəzərə almaq lazımdır ki, bu, elektoratı cəlb etmək baxımından uğurlu və sınaqdan çıxarılmış metoddur. Tarixdə əvvəllər də oxşar hadisələr baş verib.

İndi əsas suallardan biri ikinci sui-qəsd cəhdinin reytinqlərə necə təsir etməsi ilə bağlıdırsa, ikincisi, üçüncü cəhdin olub-olmaması haqqındadır. Üçüncü sui-qəsd cəhdi olarsa, D.Tramp “yalançı çoban” olmayacaq ki..?(Report)

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]