Azərbaycan Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Xarici İşlər və Elm və Təhsil nazirlikləri tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2024-2025-ci tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb.
Bu barədə XİN və ETN birgə məlumat yayıb.
Bildirilib ki, proqrama müraciət etmiş 47 ölkədən yüzlərlə namizəd sırasından 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.
Seçilmiş namizədlər əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti olmaqla Azərbaycanın 10 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar.
Qeyd edək ki, bu proqrama əsasən, İƏT və QH-yə üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub.