Dəniz suyunun duzsuzlaşdırılması zavodu Sumqayıtda tikiləcək

Azərbaycanda su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, su təhlükəsizliyinin təmini, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi sosial-iqtisadi inkişafda önəm kəsb edir.

Bu məqsədlərdən irəli gələrək dövlət başçısının müvafiq Sərəncamı ilə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin reallaşdırılmasına başlanılıb. İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirməsi və idarə edilməsi layihəsi üçün potensial investorların cəlb olunması məqsədi ilə 8 fevral 2024-cü il tarixində müsabiqə elan edilib.

Müsabiqədə iştirak etmək üçün 8 şirkət tərəfindən müvafiq sənədlər İqtisadiyyat Nazirliyinə təqdim edildikdən sonra ixtisas qiymətləndirilməsi həyata keçirilib və qiymətləndirmənin nəticələrinə uyğun olaraq tələblərə cavab verən şirkətlərə müsabiqənin şərtlər toplusu göndərilib. Tələb olunan şərtlərə uyğun olaraq, iddiaçı şirkətlər təkliflərini təqdim ediblər.

İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iddiaçı şirkətlərin nümayəndələrinin iştirakı ilə təkliflər zərfləri açılıb. Növbəti mərhələdə layihə üzrə iddiaçı şirkətlərin təqdim etdiyi texniki və maliyyə təklifləri qiymətləndiriləcək və bunun əsasında müsabiqənin qalibi müəyyən olunacaq. Müsabiqə qalibi ilə dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanacaq.

Təkliflər zərflərinin açılması mərasimində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov layihənin önəmini qeyd ediblər.

Bildirilib ki, suyun keyfiyyəti, infrastrukturun vəziyyəti, ətraf mühit kimi məsələlər nəzərə alınmaqla layihənin Sumqayıt şəhərində icra edilməsi nəzərdə tutulur. Əhalinin və iqtisadiyyatın ehtiyacları, ölkənin su proqnozlarının nəticələrinə əsasən növbəti illərdə içməli suya olan tələbatın artacağı nəzərə alınaraq layihənin istehsal gücü illik 100 milyon m3 olacaq. Vurğulanıb ki, layihənin əsas məqsədi Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatı təmin etmək, şirin su mənbələrinin şaxələndirilmək, dövlətin içməli su təchizatı sistemində maliyyə və texniki yükünü azaltmaq, içməli su təchizatı sahəsində beynəlxalq təcrübənin və ölkəyə texnologiya transferini stimullaşdırmaq, habelə ölkə iqtisadiyyatına xarici sərmayələri cəlb etməkdir.

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihələri dünyanın bir sıra ölkələrində icra edilir. Qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarının fəal istifadəsinə təkan verib. Son illərdə dünyada dəniz suyunun duzsuzlaşdırılması layihələrində “Əks Osmos” (Reverse Osmosis) texnologiyası tətbiq edilir. Bir sıra ölkələrdə bu layihələr dövlət-özəl tərəfdaşlığı modeli ilə həyata keçirilir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]