Ermənistanın COP29 FOBİYASI – Pərt olmaqdan qorxduqları üçün Bakıya GƏLMİRLƏR?

Məlum olduğu kimi, noyabrın 11-də start götürən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 22-dək davam edəcək. Bu müddətdə ölkəmizə dünyanın 5 qitəsindən 70 mindən artıq qonağın gələcəyi gözlənilir. Tədbirin ilk dörd günü ərzində Azərbaycana 80 ölkənin prezidenti, vitse-prezidenti və ya baş naziri konfransın işinə qatılıb. Rəsmi qonaqların gəlişi isə davam edir.

Lakin Ermənistan Azərbaycanın rəsmi dəvətinə baxmayaraq, hələ də tədbirdə iştirak edib-etməməklə bağlı yekun fikir belə səsləndirməyib.

Rəsmi İrəvan niyə COP29-da iştirak etməkdən boyun qaçırır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Ermənistan hansısa havadarların təsiri ilə hesab edirdi ki, COP29-un iqlimə aid gündəmini Ermənistan-Azərbaycan gündəminə dəyişdirə bilər:

O bildirib ki, Ermənistan əslində bu məsələdə Qərbin ona təlqin etdiyini reallaşdırıb:

“Ermənistan planlaşdırmışdı ki, diqqəti əsas məsələlərə yox, Ermənistan-Azərbaycan mövzusunun müzakirələrinə çəkməklə bu platformadan öz mövqeyinin təbliği üçün geniş istifadə etsin. Azərbaycan da buna getmədi. Məhz buna görə də onlar COP29-a qatılmqdan imtina etdilər. Yəni onları iqlim gündəliyi maraqlandırmır”.

Sabiq nazir bildirib ki, bu konfransda əsas məqsəd iqlim baxımından zərər çəkmiş ölkələrə yardım fondu yaratmaqdır:

“Təbii ki, Avropa İttifaqı və onun əsas ölkələrdən biri olan Fransanın bu yardımda payı böyük olmalı idi. Amma Fransa və ABŞ-ın bəzi siyasi dairələri istəyirdilər COP29-un gündəmini digər məsələlələrlə əvəz eləsinlər. İnsan hüquqları, Ermənistan-Azərbaycan münasibətləri və s. Yəni məqsəd bu idi. Ermənistan sadəcə, bu oyunda iştirak edirdi. Bu da onların həmişəki mövqeyi idi. Sözdə sülhü istəyən bir ölkə görürük ki, hər bir imkandan istifadə edib Azərbaycana ziyan vurmaq üçün addımlar atır”.

“Ermənistan pərt olmaq istəmədi”

Politoloq Zərdüşt Əlizadə isə bildirib, Ermənistan rəhbərliyi erməni cəmiyyəti qarşısında pərt olmamaq üçün COP29-a qatılmayıb:

“Ötən ilin dekabrında Azərbaycanla Ermənistan müəyyən bir razılığa gəldilər. Bu razılığın mahiyyəti ondan ibarət idi ki, Ermənistan COP29-un Azərbaycanda keçirilməsinə etirazını geri götürür, əvəzində də Azərbaycan Ermənistanın başqa bir beynəlxalq təşkilata üzv olmasına etiraz etmir. Ondan sonra hamı düşündü ki, Ermənistan COP29-a gələcək. Amma sonra Ermənistan şərt qoydu ki, Bakıda saxlanılan hərbi caniləri azad edin, biz gələrik. Bu isə tamamilə əsassız, iqlim dəyişikliyi ilə heç bir əlaqəsi olmayan tələb idi. Təbii ki, Azərbaycan bu tələbi yerinə yetirmədi. Ermənistan hakimiyyəti də erməni cəmiyyəti qarşısında pərt olmamaq üçün qərara gəldi ki, COP29-a gəlməsin”.

Politoloq qeyd edib ki, Ermənistanın bu beynəlxalq tədbirə qatılmaması Azərbaycanın imicinə zərrə qədər də xələl gətirməyib:

“Burda Azərbaycan heç nə itirmədi. Nə qədər dövlət başçısı, beynəlxalq təşkilat rəhbərləri, beynəlxalq mütəxəssislər, alimlər, ekofəallar, jurnalistlər gəldilər. Nəticədə kim itirdi? Əlbəttə, Ermənistan. Bizim nüfuzumuza zərrə qədər də ziyan dəymədi. Dünyadakı bütün dövlətlərə, mütəxəssislərə dəvət göndərmək bizim BMT tədbirinin təşkilatçısı kimi öhdəliyimiz idi. Biz borcumuzu yerinə yetirdik və Ermənistana dəvət yolladıq. Bizim BMT qarşısında suçumuz yoxdur. Gəlmədilər, bu, onların öz işidir”.

Politoloq deyib ki, Ermənistan cəmiyyətində “bir addım geri durmarıq”, “Azərbaycanla heç bir əlaqə qurmarıq”, “Azərbaycanı tanımırıq” deyən dayaz düşüncəli, radikal mövqedə dayanan adamlar var:

“Onlar anlamır ki, artıq barış dövrüdür, barışmaq vaxtıdır. Savaş dövrü bitib. Savaşın nəticəsi artıq bəllidir. Qarabağ bizdədir. Yavaş-yavaş həmin torpaqlarda məskunlaşırıq. Tikinti gedir. Ermənilər başa düşməlidir ki, biz nə qədər çox düşmən olsaq, bu, böyük güclərə bir o qədər sərf edir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]