Ermənistanın siyasi mühitində xaos – hakim partiyada qorxu mühiti – ŞƏRH

Bu yaxınlarda Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası yenilənmə adı altında bir neçə deputatla yollarını ayırmaq qərarına gəldi. Partiyanın sanballı deputatlarından olan Ovik Aqazaryan, Akop Aslanyanın deputat mandatlarının ləğvi və partiyadan uzaqlaşdırılması digər həmkarları arasında soyuq duş effekti kimi qəbul edilib.

Baş nazir Nikol Paşinyan tərəfindən SMS vasitəsilə iriranqlı məmurları vəzifədən göndərilməsindən sonra bu, gözlənilən hal idi. Elə ötən həftəsonu hakim partiyanın qapalı keçirilən görüşündən sonra da partiyadaşlar arasında qorxu mühiti daha da ağırlaşıb. Paşinyan son günlər dəfələrlə bəyan edib ki, onların qapalı görüşündən sızıntıları təşkil edən şəxslər Ovik Aqazaryan və Akop Aslanyanın aqibətini yaşayacaq. Bu isə nəinki işdən çıxarılma, həm də yataq həyatından tutmuş, korrupsiya hallarının ictimaiyyətə açıqlanması, xalq arasında biabır olma deməkdir. Məsələn, yayılan xəbərlərə görə, Aqazaryana qarşı dövlət sirri olan məlumatların yayılmasını təşkil etmək maddəsi ilə cinayət işi açılıb. Deyilənlərə görə, yanvarda baş prokuror parlamentdə Aqazaryanın deputat toxunulmazlığını ləğv edəcək və sabiq parlamentari həbsə göndəriləcək.

Elə bu səbəbdən də görüşdən sonra hakimiyyət nümayəndələri arasında çaxnaşma başlayıb. “Vətəndaş müqaviləsi” üzvləri artıq söhbətlərini, yazılarını, yazışmalarını, şəkillərini, şəxsi məlumatlarını telefondan silməyə başlayıblar. Məsələ burasındadır ki, ehtimal edilir ki, bir çox partiya üzvünün telefonunda elə məzmunlu söhbət və fotolar var ki, ictimailəşsə, onları Paşinyanın qəzəbindən heç nə xilas edə bilməz. Amma gəzən söhbətə görə, artıq baş nazir hüquq-mühafizə orqanlarına tapşırıq verib ki, hətta köhnə və silinmiş yazışmalar da bərpa edilib kompromat kimi saxlanılsın. Bu səbəbdən də partiyadaşların əksəri susmağa, baş verənlərə biganə qalmağa üstünlük verir.

Paşinyanın əmri ilə artıq 2026-cı il seçkilərində biabırçı məğlubiyyətə düçar olmamaq üçün indidən iqtidarla əlaqəsi olmayan şəxslərin partiya sıralarına cəlb edilməsinə başlanılıb. Məsələn, Gümrü şəhər meriyasında mer səlahiyyətlərini icra edən Sarik Minasyan “Vətəndaş müqaviləsi”nə üzv olmaq üçün ərizə yazıb. Deyilənlərə görə, yaxın günlərdə yeni müraciət edən şəxslərin adı açıqlanacaq. Paşinyanın birbən-birə yeni namizəd axtarışa çıxma səbəblərindən biri seçkilərlə bağlıdırsa, digəri də məmur sistemini yeniləməklə əlaqəlidir. Çünki partiyanın son iclaslarında səhiyyə naziri Anahit Avanesyan və ətraf mühit naziri Akop Simidyan ciddi tənqidə məruz qalıblar.

Partiya üzvləri Avanesyanı səhiyyə sferasındakı özbaşınalıq, biabırçılıq və korrupsiya faktlarında ittiham ediblər. Bildirilir ki, nazirliyin “Uiqmor” klinikası ilə bir neçə milyonluq müqaviləsi əsaslı korrupsiya şübhələrinə səbəb olub. Ekologiya naziri isə biabırçı vəziyyət, ağacların qırılmasında ittiham edilib. Bütün bu faktlar sübut edir ki, yaxın vaxtlarda bu iki nazir də “təmtəraqla” yola salınacaq. Nəticə etibarı ilə baş nazirin müəmma ilə üz-üzə qaldığı ortadadır – növbəti seçkilərə bu komanda ilə getsin, yoxsa, yeni kadrlar və resurslar cəlb etsin?

Göründüyü kimi, Paşinyan kadrlarında, parlament sistemində aşkar edilən və hələ də dərinləşən dərin qüsurları gizlətməyə çalışsa da, zaman keçdikcə onlar daha qabarıq şəkildə özlərini büruzə verir, ictimai qınağa səbəb olurlar. Bu zaman baş nazir cəza maşınını işə salaraq, sözügedən şəxsləri işdən uzaqlaşdırır, məhkəməyə cəlb edir, bununla da özünün “yaxşı oğlan” imicini formalaşdırmağa çalışır.

Təbii ki, baş nazirin bu qəzəbindən yayınmaq, oxları üzərindən başqa istiqamətə tuşlamaq istəyənlər və bu məqsədlə addım atanlar da var. Məsələn, Andranik Koçaryan Paşinyanın qəzəbindən yayınmaq üçün yeni üsul hazırlayıb. Məlum olub ki, Koçaryan Arpi Davoyan vasitəsilə hakim partiyanın ali orqanında ədalətsizliyə qarşı üsyan qaldırıb. Məlum olub ki, partiyadaxili görüşlərin birində Arpi Davoyan baş nazirdən bütün deputatların eyni maaş alması faktını necə izah edəcəyini soruşub. Çünki Davoyanın fikrinə görə, elə deputatlar var ki, onlar açıq-aydın daha firavan yaşayırlar, bahalı geyinirlər, evlər, maşınlar alırlar.

Andranik Koçaryan da Davoyanı dəstəkləyib, qeyd edib ki, bir neçə deputat, xüsusən də Sisak Qabrielyan haqqında tutarlı faktlar var Koçaryanın birdən-birə ədalətsizliyi xatırlatması əbəs deyil. Ovik Aqazaryanla bağlı məlum hadisədən sonra erməni siyasi kulislərində növbənin Andranikə də çatacağı danışılırdı. Bu səbəbdən “yaşlı qurd” özünü sığortalamağı, hakim partiyada sadiq komanda yoldaşı kimi etibarını itirən Arpini önə sürməyi planlaşdırıb. Davoyan da öz növbəsində dostlarına bildirib ki, hər səhər yuxudan oyananda mandatından könüllü şəkildə imtina etmək barədə SMS almaqdan qorxur.

Göründüyü kimi, baş nazir Nikol Paşinyan nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamaq, növbəti seçkilərdə qalib gəlmək istəyir. Bunun üçün isə bütün yollara baş vuracağı artıq məlum olub. Seçkilərdə qələbəyə gedən yolda hətta ən yaxınlarından belə imtina edəcəyi istisna edilmir. Bu isə artıq hakim partiyada dərin çatların yaranmasına səbəb olur. Ehtimal etmək olar ki, mandatdan imtina dalğası davam etsə, “Vətəndaş müqaviləsi”ndə baş nazirə qarşı əməlli-başlı koalisiya qurula bilər.

Bütün bu hadisələr bir daha sübut edir ki, Sorosun dəstəyi ilə hakimiyyətə yiyələnən partiyanın uzun müddətdir heç bir ideoloji və mənəvi xətti yoxdur. Baş nazir ictimai-siyasi gündəmdə lider olmaq statusunu yüksək qiymətləndirdiyindən, hər şeyə hazır görünür. Bu fenomen daxili konyukturaların və keyfiyyətsiz sistemin nəticəsidir. Bu yaxınlarda Baqrat Qalstanyanın (Vətən naminə Tavuş hərəkatının lideri) uzunmüddətlik fasilədən sonra yenə də üzə çıxaraq açıqlama verməsi, siyasi meydanlara və mitinqlərə qayıdacağını, bu dəfə konkret nəticə əldə edəcəyini bildirməsi də erməni siyasi mühitində xaosun yaranmasından xəbər verir…(Report)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | info@aktualtv.az