“Demokrat” Levon Ter-Petrosyanın “səmimi” etirafları – etnik təmizləmə və soyqırımına dəstək – ŞƏRH

Ermənistanın faşist mahiyyəti, vaxtilə azərbaycanlılara qarşı etnik təmizləməyə yol verdiyi növbəti dəfə, elə bu ölkənin keçmiş liderinin dili ilə təsdiqini tapıb. Tanınmış videobloqer Albert İsakovun özünün “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb.

“Demokrat” düşüncəli lider kimi qələmə verilən keçmiş prezident L.Ter-Petrosyanın çıxışını Ermənistanın digər eks-prezidenti Serj Sarkisyanın Xocalı Soyqırımı ilə bağlı səsləndirdiyi etirafların oxşarı da adlandırmaq olar. Ter-Petrosyanın yayılan bu videosunu izləyən hər kəs Ermənistanın müstəqilliyinin ilk illərindəki əsl mahiyyəti ilə yaxından tanış olmaq imkanı əldə edir. Bir daha bəlli olur ki, “azərbaycanlılarsız Ermənistan və Qarabağ” Ermənistanın gerçək mahiyyətini təşkil edib.

Video “demokrat”, “liberal” imicli Petrosyanın bütün kimliyini, onun əsl faşist təfəkkürünü ortaya qoyur.

Əvvəldən bildirək ki, Ter-Petrosyanın etirafı onun barəsində beynəlxalq məhkəmənin başlanmasına, cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir. Videobloqer Albert İsakovun təqdim etdiyi videoya yazılan şərhlərdə də bu, əsas xətt kimi keçir. L.Ter-Petrosyan o çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb:

“Təsəvvür edin, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ – red.), o cümlədən, daha bir çox torpaqlar ermənilərin əlindədir”.

İsakov bildirib ki, Ter-Petrosyan bu sözləri ilə azərbaycanlıların Ermənistandan faktiki olaraq silah gücünə qovulduğunu təsdiqləyib.

Ter-Petrosyanın 31 il öncə erməni milli hərəkatının hərbi qanadı kimi meydana çıxan “Yerpaka” üzvlərinin qarşısında dediyi bu fikirlər faşist, millətçi əhvali-ruhiyyənin, Azərbaycana qarşı nirfətin, kin-küdurətin hansı həddə olduöunu göstərir. Bu bir daha Ermənistanın əvvəlki hakimiyyətlərinin soyqırımçı, etnik təmizləmə ruhunda olduqlarının təsdiqidir. Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini təsdiqləyir. Məsələn, birinci prezident indiki Ermənistanı azərbaycanlılardan necə “təmizlədiklərini” çəkinmədən söyləyir. Ardınca da əlavə edir ki, tək Qərbi Azərbaycanı deyil, Qarabağı da azərbaycanlılardan azad ərazilərə çevirdilər. Gətirilən sitat isə sadəcə, dəhşət doğurur.

Hakimiyyətdə olmasının 8-ci ilində prezidentlikdən devrilib müxalifətə keçən bu “demokrat”ın ifadələri onun bəşəriyyətə qarşı cinayətlər törətmiş faşist lideri Adolf Hitler, serb cəllad Slobadan Miloşeviçlə birgə ittiham olunmasını şərtləndirir.

Eks-prezidentin bu videosunun niyə məhz indi, üstündən otuz ildən çox müddət keçdikdən sonra yayılması ola bilsin, təsadüfi deyil. Ermənistanın indiki baş naziri Nikol Paşinyan bundan əvvəl ölkənin ilk üç prezidentini Azərbaycanla apardıqları danışıqlarla bağlı debata çağırmışdı. Baş nazirin çağırışına kəskin etirazını bildirən Ter-Petrosyan onu Qarabağı satmaqda ittiham etmişdi. Albert İsakovun təqdim etdiyi videogörüntülər isə L.Ter-Petrosyanın bütün mahiyyətini ortaya qoyur. Şübhəsiz, bu video indiki Ermənistan rəhbərliyi tərəfindən bilərəkdən ortaya atılıb və birinci prezidentin nüfuzuna zərbə endirməyə yönəlib. Çox mümkündür ki, bu addım həm də daxili auditoriyaya yönəlib. Bunu da müəyyən mənada siyasi mübarizə vasətəsi saymaq olar. Ancaq bu detallar onların öz işidir.

Haqqında danışılan videoda səsləndirilən fikirlər sadəcə, ermənilərin bütün hakimiyyətlərinin, eks-prezidentlər – Levon-Ter Petrosyan, Robert Koçaryan, Serj Sarkisyanlın faşist ideologiyasına xidmət etdiklərini təsdiqləyir. Məhz bu üç fiqur Azərbaycan xalqına və bütövlükdə bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunub məsuliyyətə cəlb edilməlidirlər. L.Ter-Petrosyan Qərbi Azərbaycandan, yerdə qalanlar isə Qarabağ və ətraf ərazilərdən azərbaycanlıların qovulmasında, ev-eşiklərindən məhrum olmalarında, törədilən soyırımlarında birbaşa iştirak ediblər, tapşırıqlar veriblər.

Qeyd etdiyimiz kimi, səsləndirilən o fikirlər Beynəlxalq Cinayət Məhkəməsinin Ter-Petrosyan və onun ardıcılları – Koçaryan, Sarkisyan barəsində cinayət işinin qaldırması üçün tam əsas verir. Onun dedikləri etnik təmizləmə siyasətinin necə planlı şəkildə həyata keçirildiyini aydın formada ortaya qoyur. Eyni zamanda, Ermənistandakı etnik təmizləmənin arxasında duran sistemli planları deyil, həm də Qarabağ münaqişəsi zamanı İrəvanın bölgədə apardığı işğalçı siyasətin mahiyyətini açır.

Ermənistanın birinci prezidenti etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub. Əslində, Ermənistanda Basarkeçər, Uluxanlı, Amasya və ümumilikdə Zəngəzurda əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı qəsdən və ilkin olaraq etnik təmizləməyə hazırlaşıblar.

Beləliklə, sonradan faşizm estafetini Koçaryan-Sarkisyana ötürən Njdenin davamçısı Levon Ter-Petrosyan üçün bu etiraf videosu onun məsuliyyətə cəlb olunması üçün yetərli faktdır. Ümid etmək olar ki, beynəlxalq təşkilatlar, o cümlədən soyıqırmlarını araşdıran hüquq-müdafiə təşkiatlatı üçün bu çıxış-etirafda əyani vasitə kimi istifadə olunacaq. Tək Ter-Petrosyan deyil, Ermənistanın ondan sonra hakimiyyətdə olmuş sonrakı siyasi fiqurlarının da məsuliyyətə cəlb edilərək layiqli cəzalarını almalarının vaxtı çatıb.(Report)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]