Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropa ölkələrində “Nimesil” dərman vasitəsi qadağan olunub. Qadağanın səbəbi bu dərmanın yaratdığı çoxsaylı yan təsirlər və fəsadlarla bağlıdır.
Bu dərman haqqında araşdırmanı təqdim edir:
“Nimesil” dərmanının tərkibindəki nimesulid maddəsi selikli qişanı zədələyir, mədənin divarlarını əridir, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıdır, mədədə yanma hissi yaradır, bəzən isə qanaxmaya səbəb olur.Mədə və bağırsağın selikli qişasının zədələnməsi isə iltihab, xora və qanama kimi hallara səbəb ola bilər. Həmçinin uzun müddət istifadə edildikdə qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Yüksək qan təzyiqi, ürək çatışmazlığı və damar problemləri riskini artıra bilər. Qaşınma, dəri səpgiləri və nadir hallarda anafilaktik şok kimi reaksiyalar yarana bilər. Nəfəs darlığı və asqırma kimi simptomlar müşahidə edilə bilər.
Xüsusilə uşaqlarda və böyrək çatışmazlığı olan şəxslərdə “Nimesil”in istifadəsi tövsiyə edilmir. Uşaqlarda qaraciyər zədələnməsi və mədə-bağırsaq problemləri riski daha yüksəkdir. Uşaqlarda “Nimesil” qəbul edildikdən sonra başgicəllənmə, yuxululuq və digər sinir sistemi pozğunluqları baş verə bilər. Böyüklər bu dərmanı yalnız həkim təyinatı ilə və qısa müddət ərzində qəbul etməlidirlər. Dərmanı qəbul edərkən hər hansı mənfi təsirlər müşahidə olunarsa, dərhal həkimə müraciət etmək vacibdir.
Nimesulid tərkibli dərmanların istifadəsi müxtəlif ölkələrdə fərqli şəkildə tənzimlənir. Bəzi ölkələrdə bu dərmanlar qadağan edilib və ya istifadəsi məhdudlaşdırılıb, digərlərində isə müəyyən şərtlər altında istifadəsinə icazə verilir.
Nimesulid Avstriya, Belçika, Finlandiya, Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, Portuqaliya və İspaniya kimi ölkələrdə milli səviyyədə təsdiqlənib. Bununla belə, bəzi ölkələrdə qaraciyər zədələnməsi ilə bağlı narahatlıqlar səbəbindən istifadəsi məhdudlaşdırılıb və ya satışı qadağan edilib.
Hindistanda “Nimesil” istifadəsi ilə bağlı narahatlıqlar mövcuddur. Uşaqlarda istifadəsi ilə bağlı xüsusilə ehtiyatlı olmaq tövsiyə edilir və bəzi tibb mütəxəssisləri uşaqlarda istifadəsinin dayandırılmasını təklif edirlər.
İsveçrə, İspaniya, İrlandiya, Finlandiya və ABŞ-də nimesulid tərkibli dərmanlar qaraciyər zədələnməsi və digər ciddi yan təsirlərlə bağlı narahatlıqlar səbəbindən bazardan çıxarılıb və ya istifadəsi qadağan edilib.
Azərbaycanda da populyarlıq qazanan bu dərmana həddindən artıq təlabat var.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycan Səhiyyə Nazirliyi (SN) müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsini qadağan edib. Onların sırasında Berlin-Chemie (Polşa) istehsalı olan “Nimesil 2q №30 bağlama” və “Nimesil 100mq №30 bağlama”, həmçinin, Berlin-Chemie Menarini (Almaniya) istehsalı olan “”Nimesil 2q qranul №30 paket” dərmanları yer alır. Polşa istehsalı olanlar satışda olmasa da, Almaniya istehsalı “Nimesil” dərman vasitəsi hazırda apteklərdə mövcuddur.(Sfera.az)