İran prezidenti Məsud Pezeşkianın ABŞ lideri Donald Trampa Azərbaycan türkcəsində səsləndirdiyi şeirlə cavab verməsi müzakirələrə səbəb olub.
İranda mühafizəkar kəsimdən olan bir sıra vəzifəli şəxslər, din xadimləri və deputatlar prezident Məsud Pezeşkianın Azərbaycan türkcəsində danışmasından narahat olduqlarını gizlədə bilməhyiblər.
İran İslami Şura Məclisinin Milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini prezident Pezeşkianın ABŞ lideri Trampa Azərbaycan türkcəsindəki poetik mesajını dəyərləndirib.
İranlı deputat sosial media hesabındakı paylaşımında yazıb:
“Uzun müddətdir ki, şərəfli danışıqlar məfhumundan yazmaq üçün fürsət axtarırdım. Lakin doktor Pezeşkian mərhum Şəhriyarın danışıqlar mövzusundakı qiymətli türkcə şeirinə istinad etdikdən sonra, namusun ən gözəl və təsirli tərifinin bu şeirdə gizləndiyini hiss etdim.
ABŞ-ın zülm siyasətinə cavab verən Pezeşkian, “bizim türkcədə belə bir şeir var:
Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.
Yatma tülkü daldasında, qoy yesin aslan səni!” deyib.
Əminəm ki, İran İslam Respublikasının ali rəhbəri də (Xamenei-red.) türk ədəbiyyatına və xüsusilə Şəhriyarın şeirlərinə dərindən bələd olan şəxs kimi bu şeirin şərəfli mövqeyə vurğu edildiyini bəyənəcək.
Danışıq məsələsi ilə bağlı bir cümlə deməliyəmsə, o da budur: Amerika İranla danışıqlar aparmaq istəmir! Danışıqlar təbiətcə şərəfli bir proses olduğundan onun müəyyən qaydaları və çərçivələri var. Lakin onların məqsədi İran İslam Respublikası və İran xalqını mühakimə etməkdir. Və təbii ki, məhkəməni qəbul edib müttəhim kürsüsündə oturmaq şərəfsiz hərəkət olardı.
Bəlkə də doktor Pezeşkyanın şeir deməsindən narahat olan və onu başqa cür şərh edənlərin əsl narahatlığı sadəcə şeirin dilidir!”.
Modern.az