Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünən Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə qalmaqallı görüşdən sonra ABŞ Prezidenti Donald Trampı dəstəkləyib.
O, bununla bağlı feysbuk səhifəsində paylaşım edib.
“Dünən müharibə partiyası ilə sülh partiyası arasında bir daha aydın xətt çəkildi. Mən Tramp və Zelenski arasındakı sözlü mübahisəni yox, ona verilən reaksiyaları nəzərdə tuturam. Prezident Tramp və onun sülh səyləri qanlı müharibəyə səbəbkar olan və minlərlə ukraynalının həyatını itirməsinə görə məsuliyyət daşıyan insanlar tərəfindən pislənildi”, – Kobaxidze yazıb.
O bildirib ki, “qlobal müharibə partiyası” və “dərin dövlət” Ukraynadakı müharibədən asanlıqla əl çəkən deyil.
“Üç ildir dediyimiz bir daha sübut olundu – ABŞ və “qlobal müharibə partiyası” iki fərqli tərəfdir. Rəqiblərimiz bütün bu illər ərzində onları bərabərləşdirməyə, eyniləşdirməyə çalışırdılar. Müharibə partiyası ilə sülhməramlı qüvvələr arasında mübarizə həlledici mərhələyə qədəm qoyur. Ümid edək ki, bu döyüş sülhün qələbəsi ilə başa çatacaq”, – siyasətçi yazıb və bu çətin mübarizədə Donald Trampa səbr və cəsarət arzulayıb.