Möhtərəm Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bütün sahələrdə bərpa-quruculuq işləri uğurla davam edir.
Bunu Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən Baş nazir Əli Əsədov bildirib.
O qeyd edib ki, hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlərlə təmin edilmiş və orada yaşayırlar. Ümumilikdə isə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar.
Bununla yanaşı keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilib: “İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir.
Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 mlrd. manat vəsait ayrılmışdır, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat.
2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan ərazisində kənd təsərrüfatı məhsulları istehsalı və emalının inkişafı, elektrik enerjisi istehsalının, ticarətin və sənayenin inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması, nəqliyyat-tranzit potensialının artırılması istiqamətində layihələr həyata keçirilib.
Martın 5-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin açılışını xüsusi qeyd etmək istərdim. Mühüm əhəmiyyətə malik bu layihə Naxçıvanın enerji təhlükəsizliyini və təminatını daha da gücləndirəcək”.