Bakı Metropoliteninə 20 yeni nəsil vaqon gətirilib

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə qatar parkını genişləndirərək daha dörd yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.

O bildirib ki, dördüncü nəslə mənsub bu qatarların 2025-ci ildə istismar müddəti başa çatmaq üzrə olan vaqonların əvəzinə xəttə buraxılması nəzərdə tutulub:

“Yeni qatarlar metropolitenin mürəkkəb relyefi və paytaxtın iqlim şəraiti nəzərə alınmaqla ən müasir texnologiyalar əsasında hazırlanıb. Vaqonların komplektləşdirilməsi və yığılmasının texniki tamamlanma işləri “Xocəsən” elektrik deposunda yerinə yetirilir və bu zaman idarəetmə, təhlükəsizlik və sərnişin rahatlığını təmin edən avadanlıqlar quraşdırılır. Son mərhələdə sazlama və sınaq işlərindən sonra vaqonlar xəttə buraxılır. Yeni mərhələdə komplektləşdirilmiş yeni qatarlar normativlərə uyğun sazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunur və xətlərə buraxılmaq üçün hazırlanır”.

E.Əhmədov qeyd edib ki, əldə olunmuş razılığa əsasən, bu ilin sonunadək daha 10 vaqon (2 qatar tərkibi) Bakı metrosuna təhvil veriləcək:

“Eyni qayda ilə həmin vaqonlar da komplektləşdirilərək, sazlama və sınaq aparıldıqdan sonra xəttə buraxılacaq. Beləliklə, 2025-ci ilin sonuna qədər yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq. Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, qeyd edilən müddətdə daha 299 yeni nəsil vaqonun alınaraq metropolitan xətlərinə buraxılması nəzərdə tutulub. Hazırda bu istiqamətdə planlı işlər davam etdirilir”.

“Hazırda Bakı metrosunda 66 qatar tərkibi (347 vaqon) fəaliyyət göstərir ki, onların 150-si yeni nəsil vaqonlardan ibarətdir. Bakı metropoliteni xətlərində istismar müddəti başa çatan vaqonlar əvvəlcədən planlaşdırılmaqla yenisi ilə əvəzlənir”, – deyə o əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]