Ağsaqqallıq nümunəsi

Ağcabədi rayonunun Salmanbəyli kəndinin keçmiş adı Kəbirli (digər mənbələrdə Barak) olmuşdur. Burada yaşayan əhali Qarabağın qədim tayfalarından olan Kəbirli tayfasına mənsubdur. XVIII əsrin ortalarında Qarabağ xanlığının təşkilində kəbirlilər mühüm rol oynamışlar.

Kənd Müsəlman Sosial-Demokrat Hümmət təşkilatının Şuşa qəzasının fəal üzvlərindən biri olmuş və 1927-ci ildə qətlə yetirilmiş Salman bəy Əlibəyovun adını daşıyır. Qalatəpə arxeoloji mədəniyyəti, Üçtəpə və Xantəpə kurqanları kəndin tarixinin qədimliyinin sübutudur. Kənddə igid qəhrəmanlar – 416-cı milli atıcı diviziyanın Taqanroq uğrunda həlak olan əsgəri Ənnağı Bünyadovun, Qarabağ müharibəsi şəhidi Əlfi Məmmədovun büstləri ucaldılmışdır.

Son bir əsrdə bu kənddə dünyaya göz açan və adını Ağcabədinin “Şərəf Kitabı”na qızıl hərflərlə yazdıran şəxsiyyətlərdən biri də haqqında söz açdığımız el ağsaqqalı Səfər Cəfərovdur.

Səfər Cəfərov və ya hamının müraciət etydiyi kimi sadəcə “Səfər müəllim” gənclik illərindən ta təqaüdə çıxana kimi kənddə müxtəlif rəhbər və məsul vəzifələrdə çalışıb. Vaxtilə Ağcabədidə sosializm yarışının qaliblərindən olub. Mərkəzi Komitədə keçirilən qabaqcıllar müşavirəsində rayonu təmsil edən nümayəndələr arasında yer alıb. Ümummilli lider Heydər Əliyevlə görüşlərdə iştirak edib.

Səfər Cəfərov Salmanbəyli və inzibati əraziyə daxil olan digər qonşu kəndlərdə sayılıb-seçilən ağsaqqaldır. Hazırda təqaüddə olsa da, Salmanbəyli icra nümayəndəliyinin və yerli bələdiyyənin işlərində onun zəngin idarəçilik təcrübəsindən faydalanırlar. Məsləhət və tövsiyələrini dövlət qulluqçularından, xüsusilə də gənclərdən heç vaxt əsirgəmir. El-obanın xeyir-şər məclislərində yaxından iştirak edir. Ona məclisin başında yer göstərməyə ehtiyac yoxdur, harada əyləşdisə, o yer məclisin başı sayılır. Səfər müəllim böyük məmnuniyyətlə ellilərinin ondan küsülüləri barışdırmaq, yeni ailə quran cütlüklərə xeyir-dua vermək, hərbi xidmətə yollanan gəncləri alqışlamaq xahişlərini yerinə yetirir. Haqqa uzanan əli kəramətli, dilinin duası düşərlidir. Halal süfrəsi qonaqlı-qaralıdır. Rayonun ictimai işlərindən də geri qalmır, tez-tez tədbirlərə dəvət olunur. Şəhid ailələrinə, qazilərə, ehtiyaclı şəxslərə daim imkanı dairəsində qayğı göstərir. Öz imkanı çatmayanda isə aidiyyəti qurumlar qarşısında məsələ qaldırır.

Orta və daha yuxarı yaşlı Ağcabədi sakinləri Səfər Cəfərovun sovetlər dönəmində və müstəqilliyimizin ilk dövründə məsul vəzifələrdə çalışdığı illərdə yerli təsərrüfatların bitkiçilik və heyvandarlıq üzrə əldə etdikləri yüksək göstəriciləri yaxşı xatırlayırlar. O, həmkəndlilərinin və rayon ictimaiyyətinin xatirində bacarıqlı rəhbər, mahir təşkilatçı, vətənpərvər ziyalı, qayğıkeş ailə başçısı, qədirbilən dost kimi qalır. Qapısını döyən, qəbuluna düşən heç kəs onun yanından naümid qayıtmayıb. Onun vəzifədə olduğu zamanda Salmanbəyli və qonşu kəndlərin bir sıra sosial çətinlikləri aradan qaldırılıb, əhalinin rifah səviyyəsi yaxşılaşıb.

Səfər müəllimin nüfuzu, hörməti Salmanbəylinin, Ağcabədinin hüdudlarını aşaraq bütünlükdə Qarabağa, Şərqi Zəngəzura yayılıb. Ona Laçın, Kəlbəcər ellərində də hörmət və ehtiram bəsləyiblər. O üzdən Səfər Cəfərov Allaha şükür edir ki, ona ömür verdi, həmin torpaqların işğaldan azad edilməsini gördü. Bu sevinci bizə yaşatdıqlarına görə Müzəffər Ali Baş Komandanımıza, qalib Ordumuzun əsgər və zabitlərinə minnətdarlıq edir, qazilərimizə sağlıq arzulayır, şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyir.

Səfər müəllimi başqalarından fərqləndirən müsbət xüsusiyyətləri çoxdur. O fəzil xüsusiyyətlər sırasında ilk növbədə hər şeyin fövqündə İnsanı – insanlığı, Xeyiri – xeyirxahlığı görməsi, Allah adamı olmasıdır. Ona görə də bu kişi həm yaxın, həm uzaq ətrafının dərin hörmətini qazanıb. Obrazlı desək, zamanın selləri onun bir tükünü də islatmayıb, rüzgarın yelləri onun qayasından bir daş da qoparmayıb. Çətin sınaqlardan, ağır imtahanlardan mətinliklə, üzüağ çıxıb. Başı uca, alnı açıq olub həmişə. Ellə bir olub, elə söykənib, eldən güc alıb, özü də elə dayaq olub.

İnsanı həmişə həyatda və başqalarının qəlbində onun yaxşı əməlləri yaşadır. Səfər müəllimin də saleh əməlləri bir deyil, beş deyil, saymaqla qurtarmaz. Hər bir insan insanlıq xüsusiyyətini yaxşı əməlinə görə qazanır. Və elə hər insanın həyatda qazandığı əsas əxlaqi fəzilət insanlara insani münasibətidir. Həyatda mənə elə gəlir bundan böyük ad, bundan böyük mükafat ola bilməz. Bizim Səfər müəllim də bu mükafatı qazanıb. Öz əməlləriylə, insanlara münasibətiylə haqq eləyib.
Səfər müəllimi tanıyan qələm adamları onun gözəl insani xüsusiyyətlərini şeirlərdə tərənnüm ediblər. Gənclik və ahıllıq dostu İbrahim Mürşüdlü Səfər müəllimə həsr etdiyi şeirdə yazır:

Altmış il dostluq etdik, küsmədik,
Etibarı, ünsiyyəti kəsmədik,
Göz yaşlardan külək olub əsmədik,
Bu dostluğa, ülviyyətə bir baxın.

İnsanlığa dəyər verdin, yaşatdın,
Şeytanlığa nifrət etdin, daş atdın,
Dostluğun dərdini dərdinə qatdın,
Qəlbin qəlbə hörmətinə bir baxın.

Xanəndə Xəyal Hindarxlı Səfər müəllimi Qarabağ elinə pay, İlahi bir lütf hesab edir:

Alisən, aqilsən, ay gözəl insan,
Səni eşidən hər kəs deyir “can”,
Səni tanıyır Azərbaycan,
Xızır kəramətli, ay Səfər əmi.

Zülmət gecələrə nurlu bir aysan,
Yetimin, fəqirin könlün alırsan.
Xəyalın qəlbində əbədi varsan,
Hatəm səxavətli, ay Səfər əmi.

Nicat Kəbirli də Səfər müəllimin darda qalanlara əl tutmaq xüsusiyyətini vəsf edir:

Mayaksan sularda, sərt dalğalarda,
Bəzən çiçək, gülsən bağ-bağçalarda.
Səni ürəkdən sevir körpə uşaq da,
Yaşa, var ol mənim ay Səfər dayım.

Kaş sənin qədrini bir az da bilək,
Allahdan ömrünə eləyək dilək.
Canımı al, dayıma toxunma, fələk,
Yaşa, var ol mənim, ay Səfər dayım.

Bu qənaətdəyəm ki, Səfər müəllim ömrünün bu müdriklik çağına, bugünkü uca zirvələr səltənətinə məhz özünün təmiz adını, şərəfini qoruya-qoruya gəlib çatıb. Arzu edirəm, bundan sonra da Allah verən ömrü doğmalarının, əzizlərinin əhatəsində yenə də şərəflə yaşasın, gözəl günlər keçirsin, eli ilə bir olsun. Gənclərimizə isə onun malik olduğu gözəl insani keyfiyyətləri əxz etmələrini arzulayıram.

Seyid İsmayıl Abbasov,

“Doğru Söz” qəzetinin və “Doğru Söz” Milli İnformasiya Agentliyinin baş redaktoru

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]