FHN qeyri-sabit havaya görə əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 5-dək ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli enəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır:

“Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Eyni zamanda, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməli, dəm qazı təhlükəsinə qarşı diqqətli davranılmalıdır. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Bundan başqa, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]