“Bizim Mərkəzi Asiya ölkələri, həmçinin qonşularımız – Azərbaycan, Ermənistan, Türkiyə ilə sıx münasibətlərimiz var və biz bu münasibətləri daha da dərinləşdirmək istəyirik”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapurda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan strateji əhəmiyyətli coğrafi mövqeyə malikdir və ondan istifadə hər cəhətdən böyük əhəmiyyət kəsb edir.
“Bizim bir çox ölkə ilə azad ticarət sazişlərimiz var və bu, bir çox ölkələri Gürcüstanla iqtisadi əlaqələrin inkişafına cəlb etmək üçün çox yaxşı zəmin yaradır. Gürcüstan hər cəhətdən müxtəlif ölkələr üçün mərkəzə çevrilə bilər. Buna uyğun olaraq, bu resursdan maksimum dərəcədə istifadə etmək üçün fəal çalışmalıyıq”, – Kobaxidze əlavə edib.
Baş nazir qeyd edib ki, Sinqapur dünyanın aparıcı iqtisadiyyatlarından biri olduğu üçün vacib istiqamətlərdən biridir və bu ölkə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək Gürcüstan üçün faydalı olacaq.










