“Odissey”i pulsuz izləmək istəyənlərə – Xəbərdarlıq

Dünyaşöhrətli rejissor Kristofer Nolanın böyük maraqla qarşılanan “Odissey” filmi ilə bağlı yeni kibertəhlükə aşkarlanıb. Film hələ rəqəmsal platformalarda yayımlanmasa da, internetdə onun pirat nüsxələri adı altında yayılan saxta faylların istifadəçilərin kompüterlərinə məlumat oğurlayan zərərli proqram yüklədiyi müəyyənləşdirilib.

“Bitdefender” kibertəhlükəsizlik şirkətinin araşdırmasına görə, kibercinayətkarlar “Odissey” filminin pirat versiyası görüntüsü yaradan saxta yükləmə fayllarından istifadə edərək, “Lumma Stealer” adlı zərərli proqramı yayırlar.

Bildirilib ki, istifadəçilər artıq film faylı təsiri bağışlayan zərərli icra edilə bilən faylları yükləməyə başlayıblar.

Hücumçular filmin qanuni video faylı olduğunu göstərən saxta yükləmə linkləri hazırlayırlar. İstifadəçi faylı endirib açdıqda isə film əvəzinə kompüterə “Lumma Stealer” yüklənir.

Şirkətin müəyyən etdiyi fayl adları arasında “The Odyssey 2160pHD (2026) EngSubs EZTV.exe”, “The Odyssey 2026 1080p H264-DJT.exe” və “The Odyssey 2026 1080p WEBRip-LAMA.exe” kimi adlar yer alır.

“Bitdefender” xəbərdarlıq edir ki, bunlar video faylları deyil, “Windows”un icra edilə bilən “.exe” fayllarıdır. Faylın adında filmin keyfiyyəti və formatı ilə bağlı ifadələrin olması onun təhlükəsiz olduğu anlamına gəlmir.

Məlumata görə, “Lumma Stealer” cihazda saxlanılan çoxsaylı həssas məlumatları əldə edə bilər.

Zərərli proqram brauzerlərdə saxlanılan istifadəçi adlarını və parolları, ödəniş məlumatlarını, sessiya kukilərini və internet tarixçəsini, eləcə də, mesajlaşma tətbiqləri, uzaqdan giriş proqramları və cihazda saxlanılan sənədlərlə bağlı məlumatları oğurlaya bilər.

Bu məlumatların ələ keçirilməsi kibercinayətkarlara istifadəçinin onlayn hesablarına, bank məlumatlarına və rəqəmsal hesablarına giriş əldə etmək imkanı yarada bilər.

“Bitdefender” qeyd edir ki, məşhur filmlərin adından istifadə etməklə zərərli proqram yayılması yeni üsul deyil.

Kibercinayətkarlar filmin kinoteatrlarda nümayişə başlaması ilə onun qanuni rəqəmsal platformalarda yayımlanması arasındakı müddətdən xüsusilə istifadə edirlər. Tamaşaçıların filmi daha tez izləmək istəyi onları şübhəli torrent və yükləmə saytlarına yönəldə bilər.

Qeyd edək ki, 2025-ci ildə də “Mission: Impossible – The Final Reckoning” filminin saxta pirat nüsxələri vasitəsilə “Lumma Stealer” yayıldığı müəyyən edilmişdi.

Vurğulanır ki, “Odissey”lə bağlı son kampaniyada da yeni hücum üsulundan çox, əvvəllər effektiv olmuş metod təkrarlanır: kibercinayətkarlar axtarış sistemlərində və torrent saytlarında ən çox axtarılan filmlərin adlarından istifadə edərək zərərli faylları istifadəçilərə təqdim edirlər.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]