Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib.
Bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb.
O, uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Qeyd edək ki, Tərlan Quliyev 1962-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1990-cı ildə filologiya üzrə fəlsəfə doktoru, 2003-cü ildə isə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 2014-cü ildə professor elmi adına layiq görülüb. Müxtəlif illərdə AMEA-nın Şərqşünaslıq və Əlyazmalar institutlarında çalışıb, 2004–2015-ci illərdə Əlyazmalar İnstitutunda şöbə müdiri vəzifəsini tutub. 1994-cü ildən Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri kimi fəaliyyət göstərib. Əsas elmi tədqiqat istiqamətləri klassik Azərbaycan poeziyası, əruz və qafiyəşünaslıq tarixi, “Kitabi-Dədə Qorqud” dastanları və Azərbaycan şeirinin poetik inkişafı olub.










