Bu il AZAL-ın sərnişin axınındakı artımın 90 %-ni tranzit seqmenti təmin edib

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin daşımalarının həcmi 2026-cı ilin yanvar-oktyabr ayları ərzində 3 661 630 sərnişinə çataraq, ötən ilin eyni dövrü ilə müqayisədə 6 % artım nümayiş etdirib.

Bu barədə AZAL-ın kommersiya direktoru Cəmil Manizadə sosial şəbəkədə yazıb.

Aviaşirkətin statistikasına əsasən, hesabat dövründə daşınan sərnişinlərin sayı mütləq ifadədə 193 219 nəfər artıb. Həyata keçirilmiş reyslərin sayı da 8 % artım nümayiş etdirərək 31 481 təşkil edib – bu isə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 204 reys çoxdur.

C. Manizadənin sözlərinə görə, sərnişin axınının ümumi artımının təxminən 90 %-i tranzit seqmentin payına düşüb.

Transfer sərnişinlərin sayı 23 % (və ya 172 925 nəfər) artaraq 924 078-ə çatıb. Ümumi daşımalar üzrə tranzit sərnişinlərin payı 22 %-dən 25 %-ə yüksəlib. Hazırda AZAL-ın hər dörd sərnişinindən biri tranzit uçuş həyata keçirir.

“Orta hesabla, ilk on ay ərzində Bakıdan keçən tranzit reyslərdən hər gün 3 mindən çox sərnişin istifadə edib ki, bu da ötən ilin səviyyəsindən təqribən 570 nəfər çoxdur”, – AZAL-ın kommersiya direktoru vurğulayıb.

Paytaxt hava limanından keçən əsas regional istiqamətlər ən yüksək dinamika nümayiş etdirib. Xüsusilə, Dehli-Tbilisi marşrutu üzrə 12 851 tranzit sərnişin (illik müqayisədə 18,6 dəfə artım), Kişineu-Dehli üzrə 6 408 (9,6 dəfə artım), Almatı-Ciddə üzrə 7 792 (+341 %), Dehli-Təl-Əviv istiqamətində isə 9 773 (+176%) sərnişin daşınıb.

Davamlı müsbət tendensiya oktyabr ayında beş prioritet marşrut üzrə də qorunub: Dehli-Tbilisi – 1 404 tranzit sərnişin (+527 %), Astana-Tbilisi – 1 270 (+290 %), Dehli-Təl-Əviv – 1 757 (+104 %), Kişineu-Dehli – 1 015 (+915 %), həmçinin yeni istiqamət olan Ciddə-Şımkənd – 1 122. Qeyd olunan marşrutlar üzrə oktyabr ayında ümumi sərnişin axını 6 568 nəfər təşkil edib, bu da ötən ilin eyni ayının nəticəsini (1 510 nəfər) dörd dəfədən çox üstələyir.

Bundan əlavə, aviaşirkət yanvar-oktyabr aylarında bütün təyyarə parkı üzrə orta gündəlik uçuş müddətini 8,9-dan 9,8 blok-saatadək artırıb. “Airbus” ailəsinə aid təyyarələr üzrə (ekipajla birlikdə icarəyə götürülmüş hava gəmiləri nəzərə alınmadan) bu göstərici 9,3-dən 11 saata yüksəlib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]