Pekindən Mərkəzi Asiyaya, oradan isə Pnompen, Vyentyan və Hanoya qədər uzanan diplomatik xətt Azərbaycanın Şərq istiqamətində ayrı-ayrı təşəbbüslərlə məhdudlaşmadığını, uzunmüddətli və sistemli dövlət siyasəti həyata keçirdiyini göstərir. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri də bu siyasətin mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Azərbaycanın son illərdə Çinlə münasibətlərini hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsi, Mərkəzi Asiya ilə inteqrasiyanı dərinləşdirməsi, Kamboca və Laos liderlərinin Bakıya səfərləri, eləcə də dövlət başçısının Hanoya rəsmi səfəri vahid diplomatik xəttin ayrı-ayrı mərhələləridir. Bu proses Azərbaycanın Asiya ilə Avropa arasında siyasi, iqtisadi və nəqliyyat-logistika əlaqələrinin mühüm mərkəzlərindən birinə çevrilməsi üçün yeni imkanlar yaradır.
Bu baxımdan Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra yeni geosiyasi şəraitdə fəaliyyət göstərdiyini vurğulayıb. Prezidentin çıxışında əsas istiqamətlərdən biri müstəqil xarici siyasətin davam etdirilməsi, beynəlxalq əlaqələrin şaxələndirilməsi və Azərbaycanın qlobal proseslərdə rolunun gücləndirilməsi olub.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib – YENİLƏNİB-2
“Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir”, – dövlət başçısı qurultayda bildirib.
Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin gələcək istiqamətlərindən danışarkən fəal diplomatiyanın əhəmiyyətini də vurğulayıb: “Sadəcə olaraq, bundan sonra da vəzifələr sırasında xarici siyasətimizin müdafiəyönümlü yox, həm aktiv, daha çox fəalyönümlü olması lazımdır”.
Bu yanaşma Azərbaycanın Şərq istiqamətində həyata keçirdiyi diplomatik təşəbbüslərin siyasi məntiqini izah edir. Bakı yalnız ənənəvi tərəfdaşlarla münasibətlərin qorunmasına deyil, yeni coğrafiyalarda siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin qurulmasına və regional əməkdaşlıq mexanizmlərində iştirakın artırılmasına diqqət yetirir.
Azərbaycanın xarici siyasətində mühüm prinsiplərdən biri müxtəlif güc mərkəzləri ilə münasibətlərin milli maraqlar əsasında inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi “Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil” fikri ölkənin beynəlxalq münasibətlərdə müstəqil mövqe tutmaq niyyətini ifadə edir.
Bu siyasi yanaşma Azərbaycanın Asiyanın inkişaf edən iqtisadiyyatları ilə əməkdaşlığını genişləndirməsinə də imkan yaradır. Qlobal iqtisadi fəallığın mühüm hissəsinin Asiya ölkələrində cəmləşməsi, xüsusilə Çin və Cənub-Şərqi Asiyanın beynəlxalq ticarətdə artan rolu Azərbaycan üçün yeni tərəfdaşlıq perspektivləri formalaşdırır.
Çinlə strateji tərəfdaşlıq Şərq siyasətinin əsas dayağıdır
Tarixi Kəsişmə: Azərbaycan-Çin Hərtərəfli Strateji Tərəfdaşlığının əhəmiyyəti
Azərbaycanın Şərq istiqamətində həyata keçirdiyi siyasətin mühüm dayaqlarından biri Çin Xalq Respublikası ilə münasibətlərdir. Prezident İlham Əliyevin Çinə səfərləri və iki ölkə arasında əldə edilmiş siyasi razılaşmalar əməkdaşlığın strateji səviyyədə inkişafına təkan verib.
Xüsusilə Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması iki ölkə arasında siyasi dialoqun keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.
Dövlət başçısı YAP-ın VIII Qurultayında bu münasibətlərə toxunaraq bildirib: “Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır”.
Çinlə hərtərəfli strateji tərəfdaşlıq Azərbaycanın Asiyanın aparıcı iqtisadi güc mərkəzlərindən biri ilə siyasi, ticari və investisiya əlaqələrini genişləndirməsinə şərait yaradır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan-Çin əlaqələrinin yeni mərhələyə yüksəlməsi iki ölkə arasında siyasi etimadın möhkəmlənməsi və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətlidir.
Orta Dəhlizin inkişafı da bu münasibətlərin mühüm iqtisadi istiqamətlərindən biridir. Azərbaycan ərazisindən keçən nəqliyyat infrastrukturu Çin və Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarının şaxələndirilməsində mühüm rol oynayır.
Mərkəzi Asiya ilə inteqrasiya yeni geosiyasi məkan formalaşdırır
Mərkəzi Asiya-Azərbaycan: Regionun geosiyasi xəritəsini dəyişən yeni inteqrasiya modeli – TƏHLİL
Azərbaycanın Şərq siyasətinin ikinci mühüm istiqaməti Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşdirilməsidir. Tarixi, mədəni və siyasi yaxınlıq, eləcə də nəqliyyat, energetika və ticarət sahələrində ortaq maraqlar bu əməkdaşlığın əsasını təşkil edir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsi münasibətlərin institusional səviyyədə inkişafının mühüm göstəricisidir.
Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında bu hadisənin əhəmiyyətini belə ifadə edib: “Biz Mərkəzi Asiyada yerləşmirik, biz Cənubi Qafqazda yerləşirik. Amma görün, Azərbaycan bu ölkələrə nə qədər yaxındır ki, nə qədər ciddi siyasi, iqtisadi, nəqliyyat, enerji və digər layihələr önəmlidir ki, bax, presedenti olmayan bu hadisə də baş verdi”.
Bu əməkdaşlıq Azərbaycanın Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi və iqtisadi əlaqələndirici rolunu gücləndirir. Xəzər dənizi üzərindən formalaşan nəqliyyat və enerji bağlantıları isə daha geniş Avrasiya əməkdaşlıq məkanının inkişafına imkan yaradır.
Xüsusilə Orta Dəhlizin Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın əsas dayaqlarından birinə çevrilməsi regional iqtisadi inteqrasiyanın praktik əhəmiyyətini artırır.
Beləliklə, Azərbaycanla Mərkəzi Asiya arasında inteqrasiya yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, ortaq geoiqtisadi maraqlara əsaslanan daha geniş regional tərəfdaşlığın formalaşmasına xidmət edir.
Cənub-Şərqi Asiya Azərbaycanın diplomatik gündəliyində
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub VİDEO – AZƏRTAC
Şərq strategiyasının növbəti istiqaməti Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin genişləndirilməsidir. Regionun sürətlə inkişaf edən iqtisadiyyatları, beynəlxalq ticarətdə artan payı və investisiya imkanları Azərbaycan üçün yeni əməkdaşlıq perspektivləri açır.
2026-cı ilin oktyabrında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri bu baxımdan mühüm diplomatik hadisələrdən biri olub.
Ardınca Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Bakıya rəsmi səfəri Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə siyasi təmaslarının intensivləşdiyini nümayiş etdirib.
Bu səfərlər Bakının ASEAN coğrafiyası ilə siyasi dialoqu genişləndirmək və iqtisadi tərəfdaşlıq imkanlarını inkişaf etdirmək niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər.
Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə qazandığı diplomatik təcrübə də bu proses üçün mühüm zəmin yaradır. Hərəkat çərçivəsində Asiya dövlətləri ilə formalaşmış siyasi əlaqələr ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar açır.
Bu baxımdan Çin, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya istiqamətlərində həyata keçirilən təşəbbüslər bir-birini tamamlayan vahid xarici siyasət xəttinin tərkib hissələri kimi nəzərdən keçirilə bilər.
Vyetnama səfər strateji tərəfdaşlığın yeni mərhələsidir
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri bu diplomatik xəttin mühüm mərhələsidir. Azərbaycan-Vyetnam münasibətlərinin təxminən 70 illik tarixi iki ölkə arasında müasir strateji tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır.
1959-cu ildə Ho Şi Minin Bakıya, 1983-cü ildə isə Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri ikitərəfli əlaqələrin tarixi əsaslarını formalaşdırıb.
2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi münasibətlərdə yeni mərhələnin başlanğıcı olub.
Prezident İlham Əliyevin Hanoya səfəri həmin siyasi razılaşmaların konkret iqtisadi, investisiya və nəqliyyat layihələri ilə möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Dövlət başçısı noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkənin iqtisadi potensialına toxunaraq bildirib: “Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik”.
İqtisadi göstəricilər də əməkdaşlığın genişlənməsi üçün potensialın olduğunu göstərir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub.
SOCAR ilə PetroVietnam arasında energetika sahəsində əməkdaşlıq, Vyetnamın “ROX Group” şirkətinin Azərbaycanda infrastruktur və bərpaolunan enerji layihələrinə marağı münasibətlərin iqtisadi əsaslarını genişləndirir.
Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə təqdim etdiyi logistika imkanları Vyetnam şirkətlərinin Avrasiya bazarlarına çıxışı üçün yeni alternativlər yarada bilər.
Azərbaycanın Avrasiya məkanında strateji rolu güclənir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasına zərurət YOXDUR | Modern.az
Beləliklə, Prezident İlham Əliyevin Vyetnama səfəri ayrıca diplomatik hadisə deyil, Azərbaycanın Şərq istiqamətində həyata keçirdiyi uzunmüddətli siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
YAP-ın VIII Qurultayında dövlət başçısının müəyyənləşdirdiyi fəal, müstəqil və çoxşaxəli xarici siyasət kursu Çinlə hərtərəfli strateji tərəfdaşlığın inkişafında, Mərkəzi Asiya ilə inteqrasiyanın dərinləşdirilməsində və ASEAN ölkələri ilə münasibətlərin genişləndirilməsində öz əksini tapır.
Azərbaycanın Avrasiyada geoiqtisadi rolunun artması Orta Dəhlizin strateji əhəmiyyətinin yüksəlməsi ilə də sıx bağlıdır.
Eyni zamanda, Azərbaycan ərazisi ilə tranzit yükdaşımaların rekord səviyyəyə yüksəlməsi ölkənin beynəlxalq nəqliyyat marşrutlarında iştirakının genişləndiyini göstərir.
Pekindən Mərkəzi Asiyaya, oradan Pnompen, Vyentyan və Hanoya qədər uzanan diplomatik xətt Azərbaycanın beynəlxalq tərəfdaşlıq coğrafiyasını genişləndirir. Bu siyasətin əsas strateji əhəmiyyəti ölkənin Asiya ilə Avropa arasında siyasi, iqtisadi və nəqliyyat-logistika əlaqələrinin mühüm mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirməkdən ibarətdir.










