AKTUAL TV -nin xəbərinə görə, bu sözləri Milli Məclisin sabiq sədri, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü Yaqub Məmmədov söyləyib.
Onun sözlərinə görə, virusun əhatə dairəsi günün-gündən artır və daha ağır fəsadları olacaq:
“Görünən budur ki, dünya bu problemin həllində acizdir. Koronavirusun müalicəsi istiqamətində səylər də öz bəhrəsini vermir. Əgər bir xəstəliyin qarşısını almaq mümkün deyilsə, ondan qorunmaq üçün səylər ikiqat artırılmalıdır. Bu mənada mən vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etməyə çağırıram. Unutmayın ki, bu ilk növbədə sizin sağlamlığınız üçündür. Maska taxın, sosial məsafəyə əməl edin, vacib işiniz yoxdursa, evdən çıxmayın”.
COVİD-19 infeksiyasının dünya güclərinin siyasi oyunu olduğuna dair iddialara toxunan Y.Məmmədov qəti şəkildə bunu təkzib edir:
“Necə yəni, siyasi oyundur?! Bütün dünya bu problemdən əziyyət çəkir və hər gün minlərlə insan tələf olur. Heç bir siyasi oyundan söhbət gedə bilməz. Bu cür fərziyyələrə aldanıb, öz həyatınızı təhlükə altına atmayın. Koronavirus var, mövcuddur və günü-gündən şiddətlənir. Sadəcə ehtiyatlı olmaq və qoyulan tələblərə əməl etmək lazımdır”.