Azərbaycan Avropanın enerji təminatçısı – AŞPA, Avropa Komissiyasına xatırlatma – ŞƏRH

Rəsmi Bakı ölkənin suverenliyi və ərazi bütövlüyünü müzakirə, sövdələşmə mövzusu, obyekti olmasına imkan verməyib. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir qrup deputatı isə Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə siyasi alver edib. Onların Azərbaycana qarşı qaldırdığı əsas iddia erməni sakinlərə aiddir. Qalan məsələlər isə bu niyyəti gizlətmək üçün alətdir.

Aktualtv.az: Çünki həmin deputatlar Azərbaycan torpaqları işğal altında olanda Ermənistanı, təcavüzkarı dəstəkləyiblər. İndi əlləri hər yerdən üzüldüyü üçün Azərbaycana qarşı yeni hücum taktikası seçiblər.

Bu ilin noyabrında Bakıda keçiriləcək COP-29 toplantısına həmin deputatlar arzuedilməz şəxs olaraq dəvət edilməyiblər.

Sentyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” sessiyasında çıxışında bu məsələyə də toxunub.

Moderatorun “Azərbaycan Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvlərini arzuolunmaz şəxs elan edib. Onların sırasında 5 italyan deputat da var. Bu, körpülərin qurulması, diplomatiyanın əhəmiyyəti və təmasların genişləndirilməsi ruhuna bir qədər ziddir” sorğusuna cavab olaraq Prezident bildirib ki, bu məsələ ilə bağlı müəyyən anlaşılmazlıq var: “Bu suala ətraflı cavab vermək üçün mən 20 il keçmişə qayıtmaq istəyirəm”.

O bildirib ki, Azərbaycan o zaman, 2001-ci ildə Avropa Şurasına üzv olub: “O zaman parlamentin üzvü idim və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin ilk rəhbəri idim. Yəni, biz 2001-ci ildən etibarən orada idik. Bu illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, AŞPA tərəfindən tənqid olunduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik və sair”.

Avropa Şurası ilə əməkdaşlığı vurğulayan Prezident qeyd edib ki, bu ilin yanvar ayında baş vermiş hadisə “qırmızı xəttin” keçilməsi olub.

Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü və ötən ilin sentyabrında isə suverenliyini bərpa etdiyini, bununla da separatçılığın kökünün kəsildiyini söyləyərək müqayisə üçün əlavə edib: “Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik”.

Prezident bundan bir neçə ay sonra AŞPA-nın Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etdiyini qeyd edib: “Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq”.

Dövlət başçısı daha sonra deyib ki, bu qərara səs verənlər Azərbaycanı Avropa Şurasında görmək istəməyənlərdir: “Yəni, Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi. Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq”.

İtaliya deputatların məsələsinə gəldikdə isə o, bu ölkə parlamentinin deputatlarının bu qərarın lehinə səs verdiklərindən təəssüfləndiyini bildirib: “Səmimi desəm mən 70-dən artıq şəxsdən ibarət bu siyahıda olanların adlarını bilmirəm. Ancaq vəziyyəti yaxşılaşdırmaq üçün imkan var. Bizim nümayəndə heyətimizin fəaliyyəti bərpa edilməlidir və o zaman bu qadağa aradan qaldırılacaq”.

Prezidentin bu açıqlamasını anti-Azərbaycan mövqeyi tutmuş AŞPA-ya növbəti cavab və münasibətləri bərpa etmək üçün növbəti şans da sayıla bilər.

Avropa Şurası, ATƏT Azərbaycana qarşı çıxışlar edir. Ancaq bu qurumlar torpaqları işğal altında olduğu illərdə işğalçını tənbeh edəcək əməli addım atmayıb. Həmin illərdə Ermənistanı niyə Avropa Şurasından çıxarmadılar, yaxud onun fəaliyyətini dondurmadırlar? ATƏT Minsk qrupu və onun həmsədrliyi işğalçı Ermənistanı tənqid və tənbeh edəcək hansı addımları atıb?

Əlbəttə, bu suallara onların cavabı yoxdur. Həmin illərdə susqunluqları ilə həmin təşkilatlar işğalçıya yardım ediblər.

Yeri gəlmişkən, Avropa İttifaqına, NATO-ya inteqrasiya etmək istədiyi üçün ərazi bütövlüyü pozulan, ilhaq edilən Ukraynaya bu qurumlar yardım etməyə səy göstərir. Ukrayna torpaqlarına hücum etdiyi üçün Avropa Şurası RF-nin təşkilatda fəaliyyətini dondurub. Bu barədə qərar RF Ukrayna da müharibəni başlayandan bir ay sonra qəbul edilib. Ancaq Ermənistana qarşı heç 30 ildə də buna oxşar sanksiya tətbiq edilməyib. Bu baxımdan AŞPA-nın və ATƏT-in mahiyyəti, münaqişə və müharibələrə münasibəti “bizimkilər” iddiası ilə selektivdir. Belə çıxır ki, 30 il ərazində işğalçı Ermənistan bu təşkilatların “bizimkilər” siyahısında olduğu üçün ona qarşı məhdudiyyət qoyulmayıb. Ancaq Azərbaycan ərazi bütövlüyünü, beynəlxalq hüququn pozulmuş normalarını bərpa etdiyinə görə sanksiyaya məruz qalıb.

Bu baxımdan AŞPA və ona oxşar beynəlxalq təşkilatlar qərəzli fəaliyyət göstərib.

Prezident Azərbaycanın Avropanın enerji təminatında oynadığı mühüm rol barəsində “The European House – Ambrosetti” beyin mərkəzində təşkil olunan forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda əhatəli çıxışında da danışıb.

O, Azərbaycan təbii qazının Avropa ölkələrinə çatdırılması marşrutlarını konfrans iştirakçılarının diqqətinə çatdıraraq deyib ki, ölkənin təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə bərabərdir: “Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır”.

Dövlət başçısı Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin İtaliyaya qədər uzandığını diqqətə çatdırıb: “Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var”.

Prezident bildirib ki, Bakıda Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenlə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Çıxışında Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırdıqlarını da bildirib.

Dövlət başçısı Rusiya-Ukrayna müharibəsinin avropalıların təbii qaza tələbatlarının gündəlik ən aktual məsələ olaraq vurğulandığını da qeyd edib.

Ukrayna Rusiya təbii qazını Avropa ötürməyə dair müqaviləni imzalamayıb. Bu isə RF “mavi yanacağının” Avropa bazarından çıxması deməkdir. Belə bir şəraitdə isə Azərbaycan bu sahədə aparıcı rol oynaya bilər. Prezident bu istiqamətdə Azərbaycanın əlaqələrini vurğulayıb: “Ümumilikdə deyə bilərəm ki, Rusiya-Ukrayna müharibəsi başlayandan biz qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər almışıq”.

Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Xorvatiya və Sloveniyaya təbii qaz ixrac edir.

Bu ilin sentyabrından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Xorvatiya və Sloveniyaya qaz təchizatına başlaması Azərbaycanın bu sahədə artan rolunu təsdiqləyən faktlardandır.

Prezident Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialının 10 qiqavatdan çox olduğunu deyib. O bununla Azərbaycanın bu torpaqların əsl sahibi olduqlarını və görülən işləri də iştirakçılara çatdırıb.

Dövlət başçısı Azərbaycanın Avropaya elektrik enerjisi ixrac etmək gücünə malik olduğunu da vurğulayıb: “Bu gün biz elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq”.

Prezidentin çıxışından və görülən işlərə əsasən deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm rollardan birini oynayır. Perspektivdə isə Orta dəhliz vasitəsi ilə Mərkəzi Asiyanın da enerji daşıyıcılarının Avropa bazarlarına, ölkələrinə çatdırılmasında da o, əvəzedilməz rola malikdir. Hazırkı qarışıq, beynəlxalq aləmdə təhlükəsizliklərin təhdid edildiyi bir vaxtda Azərbaycana qarşı lobbilərin maraqlarından çıxış edilən hücumlar avropalıların maraqlarına zərbədir. Odur ki, Avropa Komissiyası, Avropa Şurası və başqaları buna şərait yaratmaqla öz vətəndaşları üçün arzuolunmaz çətinliklərin meydana çıxmasına təkan verirlər. Yuxarıda sadaladığımız faktlar və müqavilələr bu qurumlara Azərbaycana münasibətdə, dəyər verməkdə diqqətli olmaları üçün xatırlatmadır.(Report)

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]