Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.
Bu barədə Agentliyin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilir.
“Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, – açıqlamada bildirilir.
Qeyd edək ki, Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər. Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilir:
“Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”. İddialara görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.