Ukrayna Rusiyanın Krasnodar diyarında dəniz terminalının, eləcə də Sarapul, Kazan və Volqoqradda 3 logistika mərkəzinin vurulduğunu bəyan edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Krasnodar diyarındakı dəniz terminalı cəbhə xəttindən təxminən 270 km məsafədə yerləşir. Bundan başqa, təmas xəttindən demək olar ki, 480 km məsafədə Volqoqrad vilayətindəki neft emalı zavoduna zərbə endirilib.
Zelenski həmçinin bildirib ki, Ukrayna hərbçiləri Rusiya ərazisində – Sarapul, Kazan və Volqoqradda 500-1300 km məsafədə yerləşən üç logistika mərkəzini vurublar.
Ukrayna Prezidentinin sözlərinə görə, uzaq və orta mənzilli zərbələr uzunmüddətli sanksiyalar planının bir hissəsidir və Rusiya ordusunu müharibəni davam etdirmək üçün lazım olan resurslardan məhrum etməyə yönəlib.
Bundan başqa, Zelenski Azov dənizi akvatoriyasında uğurlu zərbələr endirildiyini bəyan edib.










