Türk Dövlətləri Təşkilatının (TDT) qarşıdan gələn sammiti Türk dövlətləri arasında qarşılıqlı əlaqələrin yeni mərhələsi olmalıdır.
“Report”un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Astanada keçirilən “Türk dünyasının dialoqları: ortaq gələcək, ortaq baxış” mövzusunda panel müzakirəsində bildirib.
Tədbir oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT-nin XIII sammiti ərəfəsində baş tutub.
Duran həmçinin bildirib ki, Türkiyə TDT-də sədrliyi qəbul etdikdən sonra təşkilat daxilində əməkdaşlığı möhkəmləndirmək və beynəlxalq arenada onun rolunu artırmaq niyyətindədir.
Orta Dəhlizin inkişafı, enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsi, ticarət inteqrasiyası, rəqəmsal iqtisadiyyat, süni intellekt, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq TDT çərçivəsində əməkdaşlığın prioritet istiqamətləri adlandırılıb.
Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu qeyd edib ki, enerji resursları, coğrafi mövqe və tranzit imkanları Türk dünyasının inkişafı üçün əhəmiyyətli potensial yaradır.
İştirakçılar həmçinin universitetlər və alimlər arasında əməkdaşlığı, ortaq Türk əlifbası üzərində işi və humanitar əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
İnformasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilib. Tərəflər dezinformasiya, rəqəmsal manipulyasiyalara qarşı birgə mübarizənin, habelə ortaq kommunikasiya platformalarının inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.










