İsveçrə Federal Şurası Avropa İttifaqının (Aİ) “Ukraynaya hərbi təcavüzünü” əsas gətirərək, son paketində gətirdiyi tədbirləri qəbul edərək Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etmək qərarına gəlib.
Aktualtv.az xəbər verir ki, “İsveçrə Rusiyanın Ukraynaya davam edən hərbi hücumlarına və Ukraynanın ərazi bütövlüyü, suverenliyinə və təhlükəsizliyinə xələl gətirən hərəkətlərinə cavab olaraq Aİ-nin 9-cu sanksiyalar paketində Rusiyaya qarşı tədbirlər görüb”, – Federal Şuranın bəyanatında deyilir.
Aİ-nin 16 dekabr 2022-ci il tarixində Rusiyaya qarşı tətbiq etdiyi 9-cu sanksiyalar paketinə təxminən 200 fiziki şəxs və qurumun və 3 Rusiya bankının sanksiya siyahısına əlavə edilməsi, ikili təyinatlı məhsulların ixracının qadağan edilməsi və mədən investisiyalarının qadağan edilməsi daxildir. İsveçrənin Rusiyaya qarşı sanksiyaları qüvvəyə minib.
Bundan əlavə, İsveçrənin aerokosmik sənaye ilə əlaqəli mallara ixrac qadağasını təyyarə və dron mühərrikləri də daxil olmaqla genişləndirməsi gözlənilir. Digər tərəfdən, İsveçrə Rusiyanın mədən sektoruna yeni investisiyaları qadağan etməyi planlaşdırır.
Aİ-nin üzvü olmayan İsveçrə qonşuları ilə iqtisadi ahəngdar münasibətlər saxlayır.
Keçən il fevralın sonunda İsveçrə Federasiyasının o zamankı prezidenti İqnazio Kassis ölkəsinin Ukraynaya hücuma görə Rusiya prezidenti Vladimir Putin və digər rəsmilərə qarşı Avropa İttifaqının maliyyə sanksiyaları tətbiq etdiyini açıqlayıb.
Digər tərəfdən, İsveçrə Federal Parlamentində bir komitə İsveçrə istehsalı olan hərbi texnikanın başqa ölkədən Ukraynaya təkrar ixracının qarşısını alan “reeksport qadağasından” imtina etməyi təklif edib.
Komitənin əksəriyyəti hesab edir ki, İsveçrə Avropanın təhlükəsizliyinə, o cümlədən Ukraynaya daha çox yardım göstərməklə daha çox töhfə verməlidir.










