Çilinin mərkəzi və cənub bölgələrində baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 22-yə yüksəlib.
Aktualtv.az xəbər verir ki, Çilinin Daxili İşlər Naziri Karolina Toha verdiyi açıqlamada ölənlərin sayının davamlı olaraq dəyişdiyini bildirib və qeyd edib ki, “hazırda həyatını itirən insanlar üçün çox çətin və ağrılı bir vəziyyətlə qarşı-qarşıyayıq”.
Yerli mətbuatın məlumatına görə, xəstəxanalarda müalicə alan 16 nəfərin vəziyyəti ağırdır. Şiddətli yanğınlardan ən çox Nuble, Biobio və La Araucania bölgələrinin zərər çəkdiyi qeyd edilib.
Fövqəladə vəziyyət elan edilən bölgələrdə qurudan və havadan intensiv müdaxilələrə baxmayaraq yanğınlar hələ də davam edir.
La Araucania, Biobio və Nuble bölgələrində 50-dən çox meşə yanğınının davam etdiyi, indiyədək 45 min hektardan çox ərazinin külə çevrildiyi qeyd edilib.
Bildirilib ki, yanğın yaşayış sahələrinə təhlükə yaratdığı üçün minlərlə insan təxliyə edilib, yüzdən çox ev isə tamamilə yanıb.
Büllur Məmmədova / aktualtv.az










