Ukraynalı hərbçilər fevralın 6-da Avropa poliqonlarında “Leopard” tankları ilə təlimlərə başlayacaq.
Aktualtv.az xəbər verir ki, bunu Ukaynanın müdafiə naziri Oleksiy Reznikov deyib. Bildirib ki, əsgərlər təlim keçdikdən sonra tanklarla birgə ölkəyə qayıdacaqlar.
“Komandanlıq və Baş qərargah bütün əməliyyatları planlaşdırıb. Təlimlər bizə döyüş meydanında ehtiyac duyduğumuz tank sayını da müəyyənləşdirməyə kömək edəcək. Hərbçilərimiz Avropa poliqonlarında təlimləri davam etdirəcəklər. Onlar hazır olduqda tankların Kanada, Polşa və ya alman texnikası olmasının heç bir fərqi olmayacaq”.
Reznikov Ukraynaya göndəriləcək tank sayına da aydınlıq gətirib. Bildirib ki, ölkələrin siyahısını açıqlamayacaq, çünki hələ də siyasi qərarlar qəbul edən ölkələr var:
“Düşünürəm ki, fevralın 14-də Brüsseldə Ramşteyn təmas qrupunun növbəti görüşü olacaq və orda qərar elan ediləcək. İndiyədək Kanada, Polşa, Almaniya, Böyük Britaniya və ABŞ tankların sayı barədə məlumatı açıqlayıb. Lakin digər ölkələr haqqında danışarkən bir az gözləməliyik”.
Ukraynanın NATO-ya üzvülük məsələsinə də toxunan Reznikov faktiki olaraq artıq NATO ölkəsinə çevrildiklərini deyib. Qeyd edib ki, artıq alyansla birgə silahlara, sistemlərə sahibdirlər. “Ukrayna de-fakto NATO-nun üzvüdür, bir də qalıb de-yure rəsmiləşdirilmə. Bu isə zamanla tənzimlənəcək məsələdir.”-deyə Nazir qeyd edib.
Oleksey Reznikov son zamanlar istefası ilə bağlı yayılan söz-söhbətlər də aydınlıq gətirib. Prezident V. Zelenski qərar qəbul edəcəyi təqdirdə istefaya hazır olduğunu deyib.
Etibar Məmmədov / aktualtv.az










