Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, nazir Samih Şükri Misirə səfər edən Avropa İttifaqının (Aİ) Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi nümayəndəsi Sven Koopmans ilə görüşüb və bölgədəki son hadisələri və artan gərginliyi müzakirə edib.
Aktualtv.az xəbər verir ki, görüş zamanı vurğulanıb ki, gərginliyin artması regionda təhlükəsizlik və sabitliyə “təhlükəli təsirlər” göstərə bilər.
Misirin bölgədəki gərginliyin sakitləşməsinin tərəfdarı olduğunu vurğulayan nazir Şükri, “İsrail Fələstin xalqına qarşı gərginliyi artıran davranışlara son qoymalıdır” deyib.
Fələstin və İsrail arasında 2014-cü ildə dayandırılan danışıqlara toxunan Şükri, bölgədəki gərginliyin azaldılmasının bu danışıqların yenidən başlamasında təsirli olacağını bildirib.
Şükri həmçinin, bölgədəki mövcud gərginliyin sona çatmasında, fələstinlilərə qarşı hücumların dayandırılmasında və danışıqlar masasına qayıtmasında Aİ başda olmaqla beynəlxalq tərəfdaşların rolunun vacibliyini vurğulayıb.
Murad Həsənov /aktualtv.az










