Yaponiyanın baş naziri Kişida Fumio bildirib ki, Yaponiya hökuməti baş verən zəlzələlər üçün Türkiyəyə yardımı artıracaq.
Aktualtv.az xəbər verir ki, Yaponiya parlamentinin iclasında çıxış edən Yaponiyanın baş naziri fevralın 6-da baş verən zəlzələlərə görə hökumətin Türkiyəyə səmimi başsağlığı verdiyini bir daha bəyan edib.
Yaponiya hökumətinin Türkiyəyə xilasetmə qrupları göndərdiyini xatırladan nazir, yerli əhalinin ehtiyaclarına uyğun olaraq lazımi yardımı artırmağı nəzərdən keçirdiklərini bildirib.
Zəlzələnin vurduğu ziyanla bağlı məlumat toplamağa davam edəcəklərini bildirən Kişida, bölgədə yaşayan yaponlara dəyən ziyanla bağlı məlumat almadıqlarını bildirib.
Həmçinin qeyd edək ki, Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu keçirdiyi mətbuat konfransında zəlzələlərdən zərər çəkən Suriyaya da humanitar yardım göndərməyi planlaşdırdıqlarını açıqlayıb.
Büllur Məmmədova / aktualtv.az










