Ukrayna F-16 qırıcılarının tədarükü üçün Hollandiyaya rəsmi müraciət edib. Hazırda məsələ müzakirə olunur.
Aktualtv.az xəbər verir ki, bunu Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren deyib. Onun sözlərinə görə, o, Ukraynanın xahişini başa düşür, lakin onu yerinə yetirmək elə də asan deyil.
“Biz ABŞ və digər müttəfiqlərlə F-16 mövzusunu müzakirə etməliyik və nəticələrini ciddi şəkildə düşünməliyik, bu, bir gecədə baş verə bilməz. Biz bu barədə dürüst olmalıyıq”.
Fevralın 8-də Böyük Britaniya parlamentində çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski dünya ictimaiyyətini Silahlı Qüvvələrə müasir döyüş təyyarələri verməyə çağırıb. Eyni tələbi o, Parisə səfəri zamanı Makron və Şolza da ünvanlayıb.
Ənənəvi olaraq, Zelenskinin çağırışına ilk cavab verən Britaniya olub. Həmin gün Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukrayna Silahlı Qüvvələrinin ölkədəki təlimlərinin genişləndirildiyini açıqlayıb. Bundan sonra ukraynalı pilotlar Britaniya təyyarələrində təlim keçəcəklər. O, həmçinin müdafiə naziri Ben Uollesə ukraynalı pilotların uça biləcəyi təyyarə variantlarını nəzərdən keçirməyi tapşırıb.
Murad Həsənov / aktualtv.az










