Yaponiya Quru Özünümüdafiə Qüvvələri ölkənin qərb hissəsində Hindistan ordusu ilə birgə antiterror təlimi keçirəcək.
Aktualtv.az xəbər verir ki, bu barədə “Japan Today” nəşri məlumat yayıb.
Martın 2-dək Şiqa vilayətindəki Albano poliqonunda şəhər ərazilərində terrorçulara qarşı mübarizəni simulyasiya edən təlimdə təxminən 230 əsgər iştirak edəcək.
İkitərəfli təlimlər ilk dəfədir ki, Yaponiyada keçirilir. 2018-ci ildə başlayan illik təlim, 2020-ci il istisna olmaqla, əvvəllər Hindistanda keçirilib. Yaponiya və Hindistan son illərdə Çinin sürətli hərbi inkişafı fonunda müdafiə sahəsində əməkdaşlığı gücləndiriblər.
Keçən ay Yaponiya Hava Özünümüdafiə Qüvvələri və Hindistan Hərbi Hava Qüvvələri Tokio yaxınlığında ilk birgə döyüş təyyarəsi təlimi keçirib, Dəniz Özünümüdafiə Qüvvələri isə 2012-ci ildən Hindistan Hərbi Dəniz Qüvvələri ilə təlimlər keçirir.
Xatırladaq ki, Yaponiya və Hindistan Çinin Hind-Sakit okean regionunda artan hərbi və iqtisadi təsirinə qarşı durmaq məqsədi daşıyan ABŞ və Avstraliyanın daxil olduğu Dördlü Təhlükəsizlik Qrupunun üzvləridir.
Etibar Məmmədov / aktualtv.az










