Ukraynaya F-16 qırıcılarının tədarükü məsələsinə daha sonra baxılacaq, indi Kiyevin onlara ehtiyacı yoxdur.
Aktualtv.az xəbər verir ki, bunu bazar günü ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalına müsahibəsində deyib.
“Müharibənin indiki mərhələsində Ukraynanın ehtiyaclarını diqqətlə araşdırırıq. İndi Ukrayna qüvvələrinə Rusiyanın işğal etdiyi ərazilərə nəzarəti bərpa etmək üçün tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar, artilleriya, raketdən müdafiə sistemləri lazımdır. F-16 məsələsi daha uzaq perspektivdir” – deyə o, qeyd edib.
Müşavir Ağ Evin gələcəkdə Kiyevə F-16 döyüş təyyarələri verməyə hazır olub-olmadığını izah etməyə çalışıb. “Mən yalnız prezident Baydenin F-16-ların indi təhvil verilməyəcəyi ilə bağlı sözlərini təkrarlaya bilərəm”, – deyə Sullivan bildirib.
Kiyev son həftələr Qərb ölkələrindən döyüş təyyarələri almağa çalışır, lakin nə ABŞ, nə də onun müttəfiqləri hələlik bu məsələ ilə bağlı konkret vədlər verməyiblər.
Etibar Məmmədov / aktualtv.az










