Meksikada 11 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 3 nəfər ölüb, 20 nəfər yaralanıb.
Aktualtv.az xəbər verir ki, Meksikanın Toluka şəhəri yaxınlığında baş verən qəzada 2-si sərnişin avtobusu olmaqla 11 nəqliyyat vasitəsi toqquşub. Bildirilib ki, qəzadan sonra hadisə yerinə gələn təcili tibbi yardım qrupları yaralılara ilkin tibbi yardım göstərərkən, yaralılardan bəziləri müalicə olunmaq üçün xəstəxanaya aparılıb. Yaralılar arasında vəziyyəti ağır olan 14 yaşlı qız helikopterlə xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbi hələlik məlum olmasa da, hadisə şahidləri bildiriblər ki, qəza zamanı ərazidə qatı duman olub. Bəzi vətəndaşlar isə qəzaya düşən yük maşınının yüksək sürətlə getdiyini iddia ediblər. Səlahiyyətlilər qəza ilə bağlı araşdırmalara başlayıb.
Murad Həsənov / aktualtv.az










