Kamçatkada püskürən Şiveluç vulkanından çıxan kül buludu 500 km şimal-qərbə yayılıb.
Aktualtv.az xəbər verir ki, Rusiya Vulkanologiya və Seysmologiya İnstitutunun yaydığı məlumata görə, pis hava şəraiti ilə əlaqədar vulkanın videomüşahidəsi çətindir, siklonun təsiri burada davam edir, qar yağır, çovğundur. İnstitutun bir qrup alimi hadisə yerində işləyir. Onların vəzifəsi püskürmənin parametrlərini aydınlaşdırmaq və Ust-Kamçatski vilayətinin əhalisinin təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, Kamçatkada vulkan püskürməsindən sonra kül emissiyasının hündürlüyü dəniz səviyyəsindən təxminən 20 min metr yüksəkliyə qalxıb. Yaxınlıqdakı kəndlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Etibar Məmmədov / aktualtv.az










