Kamçatkada (Rusiya) Şiveluç vulkanının son 60 ilin ən güclü püskürməsi baş verib. Kül sütununun hündürlüyü 20 km olub.
Aktualtv.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı yayılan kadrlarda yollar, binalar və avtomobillərin 8-9 sm kül təbəqəsi ilə örtüldüyü görünür. Yağıntı davam edir. Ekspertlərin sözlərinə görə, Şiveluça ən yaxın yaşayış məntəqəsi olan Klyuçda bu qədər kül yağıntısı sonuncu dəfə 1964-cü ildə qeydə alınıb. Bundan əlavə, kül buludunda elektrostatik gərginlik səbəbindən ildırım çaxır.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu vulkanın fəaliyyətinin aviasiya üçün təhlükə yaratdığını, ona görə də ona ən yüksək – “qırmızı” aviasiya təhlükə kodunun verildiyini bildirib.
Bununla belə şəhərdə sakinlər təlaş keçirmirlər: İnsanlar qoruyucu kostyumlarda gəzir və yağıntıdan “kül adamı” düzəldirlər.
Etibar Məmmədov / aktualtv.az










