İran bazar ertəsi günü küfrdə təqsirli bilinərək edam cəzasına məhkum edilmiş iki nəfəri asıb.
Aktualtv.az “CNN”ə istinadən xəbər verir ki, məlumata görə, Yusef Mehrdad və Sadrullah Fazeli Zare 2020-ci ilin mayında həbs edilib və 2021-ci ilin aprelində internetdə “anti-İslam qrupları və kanalları”ndan istifadə etdiklərinə görə ölüm cəzasına məhkum ediliblər.
Amerikanın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının məlumatına görə, hər ikisinin “Xurafat və Dinin Tənqidi” adlı Telegram kanalının üzvü olduqları aşkar edildikdən sonra məhkum ediliblər.
Norveçdə yerləşən İran İnsan Haqları və Fransada yerləşən “Ölüm Cəzasına Qarşı Birlikdə” təşkilatının yaydığı birgə hesabatda ötən il ən azı 582 edamın həyata keçirildiyi açıqlanıb. Bu da əvvəlki illə müqayisədə 75% artım deməkdir. Göstərici, həmçinin İranda 2015-ci ildən bəri ən yüksək edam sayıdır.
Büllur Məmmədova / aktualtv.az










