Avropa İttifaqı Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyanı müttəfiqlərinin dəstəyindən məhrum etməyə çalışır.
Aktualtv.az xəbər verir ki, Böyük Yeddiliyin sammiti çərçivəsində Yaponiyaya səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu baxımdan Çini Rusiyaya təzyiq göstərməyə çağırıb:
“İndi bütün diqqətimizi boşluqları doldurmağa və Rusiyanı kritik tədarüklərdən məhrum etməyə yönəlmişik. Rus almazlarının ticarətini məhdudlaşdıracağıq. Bu sanksiyaların nə üçün zəruri olduğunu açıq şəkildə ortaya qoyuruq. Beynəlxalq ictimaiyyətdəki rolunu və iqtisadiyyatının böyüklüyünü nəzərə alaraq, Çinin üzərinə xüsusi məsuliyyət düşür. Ölkə beynəlxalq qaydalara riayət etməlidir. Biz rəsmi Pekini Ukraynaya hərbi təcavüzünü dayandırması üçün Rusiyaya təzyiq göstərməyə çağırırıq. Rusiya ilə İran arasında əlaqələrin olduğu da heç kim üçün sirr deyil. Biz İranı Rusiyaya yardımla bağlı yanlış qərarlar qəbul etməməyə inandırmaq üçün diplomatik səylərimizi maksimum dərəcədə artırmaq və əlimizdə olan müxtəlif təsir vasitələrindən istifadə etmək niyyətindəyik”.
Digər tərəfdən İranın Rusiyaya hərbi yardım etdiyini xatırladan Mişel bunun qarşısını almaq üçün əllərindən gələni edəcəklərini deyib.
Səbinə Kərimova / aktualtv.az